Beynəlxalq Kosmik Stansiyada (BKS) 9 aydan çox qapalı qalan iki astronavt Yerə qayıdıb. Astronavtları daşıyan kapsul 17 saatlıq enişdən sonra Florida sahillərinə enib.
Bizimyol.info xəbər vrir ki, ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) aylarla kosmosda qapalı qalan Buç Vilmore və Suni Uilliamsın "Dragon" kapsulu ilə enişini canlı yayımlayıb.
BKS-də qapalı qalan astronavtları müşayiət edən Vilmore, Uilliams və NASA astronavtı Nik Heyq və rus kosmonavt Aleksandr Qorbunov təxminən 17 saat davam edən səyahətdən sonra uğurla Yerə enib.
Astronavtlar yerli vaxtla saat 17:57 radələrində Florida sahillərinə eniblər. Uilliams və Vilmore 5 iyun 2024-cü ildə "Boeing"in yeni Starliner kapsulunda bir həftəlik sınaq uçuşu üçün BKS-ə göndərilmişdi.
Lakin Starlinerdə yaranan texniki problem səbəbindən hər iki astronavtın qayıdış tarixi təxirə salınıb və NASA kapsulun boş qayıtması barədə göstəriş verib.
Təxminən 9 aydır BKS-də qapalı qalan Vilmore və Uilliamsı əvəz edəcək yeni ekipaj "Space X"in Dragon kapsulu ilə martın 16-da BKS-ə gedib.
ABŞ, Yaponiya və Rusiyadan olan üzvlərdən ibarət "Crew-10" komandası bir neçə gün ərzində Vilmore və Uilliamsdan BKS haqqında təlim almışdı.
"Crew-10" komandasına missiya komandiri Enn Makkleyn və NASA-dan missiya pilotu Nikol Ayers, həmçinin Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyindən (JAXA) Takuya Onishi və Rusiya Federal Kosmik Agentliyindən (Roskosmos) Kirill Peskov daxildir.
Qadir, Bizimyol.info






