Belarus prezidenti Aleksandr Lukaşenko “Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) yaradıcısı Yevgeni Priqojinin 2023-cü ilin iyununda üsyanı zamanı nüvə silahı əldə etməyə cəhd etdiyinə inandığını və bunun təkcə Rusiyada deyil, Qərbdə də narahatlıq doğurduğunu bildirib.
Bizimyol.info xəbər verir ki, Belarusun "BelTA" xəbər agentliyi Lukaşenkonun amerikalı bloger Mario Naufalla müsahibəsindən gətirdiyi sitatda qeyd edilib.
"Mən hiss etdim ki, Jenya Priqojin nüvə düyməsinə doğru əl uzadır". Mən bunu dərhal deyil, hadisələrin ortasında başa düşdüm. Jenya Priqojinin belə dəlilik edə biləcəyini heç düşünmürdüm", - deyə Belarus Prezidenti bildirib. O vurğulayıb ki, Rusiya hakimiyyəti hadisələrin belə inkişafına imkan verməzdi ki, bu da Qərb ölkələri üçün qəbuledilməzdir.
Lukaşenkonun sözlərinə görə, Priqojinin qiyam cəhdi zamanı o, Rusiya prezidenti Vladimir Putinlə Moskvanın müdafiəsini gücləndirmək üçün Belarus xüsusi təyinatlılarını göndərməyə hazır olması barədə danışıb. Lukaşenko xatırladıb ki, Priqojinlə telefon danışıqları zamanı o, "Vaqner" ÖHŞ üzvlərinin Belarus ərazisinə gedəcəyinə razılaşıb. "Bu münaqişə, bildiyiniz kimi beləcə başa çatdı", - deyə o qeyd edib.
Belarus prezidenti həmçinin bildirib ki, Qərb nümayəndələri Priqojinin üsyanı zamanı yaranmış vəziyyətin həllində göstərdiyi köməyə görə özəl olaraq ona təşəkkür ediblər.
Xatırladaq ki, iyunun 23-25-də Rusiyada "Vaqner" ÖHŞ tərəfindən üsyan cəhdi baş verib. Şirkətin təsisçisi Yevgeni Priqojin bildirib ki, onun bölmələri vurulub və o, hücumlarda Rusiya hərbi rəhbərliyini günahlandırıb. Rusiya Müdafiə Nazirliyi bu ittihamları rədd edib.
Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolovun sözlərinə görə, qiyam cəhdindən əvvəl Priqojin Müdafiə Nazirliyi ilə müqavilə imzalamaqdan imtina edib, bundan sonra ona Vaqnerin Ukraynadakı xüsusi hərbi əməliyyatda iştirakının başa çatması barədə məlumat verilib.
Priqojini dəstəkləyən ÖHŞ bölmələri Rostov-na-Dona və Moskvaya doğru yola düşdü. İyunun 24-də axşam Belarus prezidenti Aleksandr Lukaşenko Priqojinlə danışıqlar aparıb, ondan sonra təşkilatın üzvləri səhra düşərgələrinə qayıdıblar. Daha sonra Kreml Priqojinin “Belarusa gedəcəyini” və “Vaqner” işçilərinin mühakimə olunmayacağını elan edib.
Qadir, Bizimyol.info






