1999-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 25 noyabr tarixini "Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Beynəlxalq Günü" elan edib. Məqsəd, qadınlara qarşı zorakılığa qarşı cəmiyyətdə maarifləndirmə işinin aparılması olub. Qadınlara qarşı zorakılıq bütün dünyada mövcuddur və təəssüflə qeyd etməliyik ki, bunun qarşısını almaq o qədər də asan məsələ deyil. Bütün dövlətlər daxili siyasətində bu məsələyə yer ayırmağa çalışır.
Bəs Azərbaycan bu problemlə necə mübarizə aparır?
Milli Məclisdə Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu məsələ haqqında sadəcə bir gün düşünmək doğru deyil. Çünki bu gün təkcə Azərbaycanda deyil, bütün dünyada qadınlara qarşı zorakılıq halları elə hal alıb ki, sözün əsl mənasında gündəlik həyatın bir parçasına çevrilib.
Jalə Əliyeva“Zorakılıqdan danışarkən sadəcə qadına qarşı zorakılıqdan danışmaqla kifayətlənməməliyik, bu məsələni qadına qarşı zorakılıqla məhdudlaşdırmamalıyıq. Ümumiyyətlə, qadına qarşı zorakılıq məişət zorakılığının bir parçası kimi nəzərə alınmalıdır. Məişət zorakılığına ətraflı baxılan zaman geniş mənada sadəcə qadına qarşı zorakılıq deyil, uşaqlara və yaşlılara qarşı zorakılıq da məişət zorakılığının tərkbində var. Ümumiyyətlə fəlsəfəsini götürsək, bu məsələni güclünün gücsüz qarşısındakı zorakılığı olaraq diqqətə almaq lazımdır. Bu davranış, tarixdə mövcud olan bir davranışdır. Bu hallar dünya üzrə bütün dövrlərdə baş verir. Bu gün də baş verir və görünən odur ki, sabah da davam edəcək. Biz nə etsək də, bu məsələlərin qarşısını tam almaq iqtidarında deyilik. Biz sadəcə çalışırıq ki, bu zorakılıqla bağlı yaşanan hadisələr mümkün qədər minimuma endirilsin. İnsanlar başa düşsün ki, qarşısındakı insanla zorakılıq və hərbə-zorba dili ilə danışa bilməzlər”-deyə deputat qeyd edib.
Jalə Əliyeva vurğulayıb ki, bu gün bütün dünyanı müharibələr çalxalayır və bu müharibələrin hansı fəlakətlərə, itkilərə səbəb olduğunu görürük: “Bütün dünya sülh içində yaşayarsa, buradan hər kəs qazanmış olar və daha sağlam, daha xoşbəxt bir dünya qurmuş olarıq. Eyni zamanda ailələr də dünyanın bir parçasıdır. Ailələrdəki stabillik, ailələrdəki sülh ab-havası, ailələrin qorunmasına və daha sonrakı dövrlərdə hər bir ölkənin genofondunun möhkəmlənməsinə, təmizlənməsinə gətirib çıxarır”.
Jalə Əliyeva əlavə edib ki, bu sahə üzrə Azərbaycanda çox böyük dövlət siyasəti həyata keçirilir: “Dövlətimiz ailələrin möhkəmlənməsi, ailələrin təməlinin güclü bir şəkildə qurulması və gələcəklərinin təmin edilməsi üçün zəruri addımlar atır. Lakin ailələrin öz içərisində mövcud olan münaqişələr, anlaşmazlıqlar, çəkişmələr zorakılığa zəmin yaradır. Ortaya çıxana statistika, daxil olan məlumatlar və gəlinən nəticələr bunu deməyə əsas verir ki, bu kimi hallar birbaşa ailənin daxilində baş verir. Ailə fərdləri bir-birinə qarşı zorakılıq göstərirlər. İllərlə birgə yaşayan, bir-birinə doğma olan, bir-birinə yaxın olan insanlar sonda bir-birinin həyatına qəsd edirlər. Bu da çox acınacaqlı bir vəziyyətdir. Burada sadəcə kişinin qadına qarşı zorakılığına söhbət getmir. Burada geniş anlamda zorakılıqdan söhbət gedir. Burada uşağa qarşı ayrı-seçkilik və yaxud digər zorakılıq halları, övladın valideynə əl qaldırması, dil uzatması, valideynin övladına əziyyət etməsi, kişinin qadın üzərində "ənənə" halını almış “qələbə”si, bəzən də əksinə qadının kişiyə təzyiqindən söhbət gedir. Bacı-qardaş arasında və yaxud ailənin digər fərdləri arasında zorakılıq halları müşahidə edilir”-deyən Jalə Əiuyeva vurğulayıb ki, bunun kökü səlahiyyətli institutlar və dövlətin məsul qurumları tərəfindən araşdırılır.
“Milli Məclis qanunverici orqan olaraq, zorakılıqla bağlı məsələni hər zaman gündəmdə saxlayır. Mən Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müaviniyəm. Demək olar ki, komitəmizin hər iclasında məişət zorakılığı ilə bağlı, xüsusilə qadınlara və uşaqlara qarşı zorakılıqla bağlı məsələlər gündəliyə çıxarılır və həlli yolları araşdırılır.
Bütün bu məsələlər dövlətin, qanunverici orqanının diqqətində olduğu kimi və davamlı olaraq qanunlar təkmilləşdirildiyi kimi, eyni zamanda cəmiyyətin hər bir fərdinin də özünü təkmilləşdirməsinə, özünü maarifləndirməsinə ehtiyac var. Bu sahədə mətbuata, televiziyaya, ziyalılara, məktəblərə, institutlara, müəllimlərə önəmli vəzifə düşür. Uşaqlarımızı uşaqlığından bəri nəyin yaxşı, nəyin pis olduğunu təlqin edərək böyütmək lazımdır. Çünki bu zaman onlar sağlam şüurlu bir vətəndaş kimi yetişə bilir. Düzgün yetişdirilmiş bir şəxs, öz ailəsində və ya quracağı yeni ailəsində hansısa zorakılığı tətbiq etməz. Ona görə də məsələyə kökündən həll yolu ilə yanaşmaq lazımdır”-deyən deputat hesab edir ki, məişət zorakılığı mövzusu üzrə ilk növbədə ailələr maarifləndirilməlidir.
Deputatın fikrincə, xüsusilə ucqar rayonlarda bu işlərə daha çox diqqət ayrılmalıdır. Eyni zamanda ailələrlə bərabər cəmiyyətin bir fərdi olaraq böyüyən uşağın istər məktəbəqədər müəssisələrdə, istər orta məktəbdə və ya ali məktəbdə, ümumiyyətlə həyatının hər mərhələsində maarifləndirmə işlərinin aparılması çox vacibdir.
“Özümüz özümüzü tərbiyələndirməliyik. “Məndən keçdi, özgəsinə dəydi” prinsipindən, laqeydlikdən uzaqlaşmalıyıq. Lazım olan yerdə köməyə ehtiyacı olan şəxsə köməyimizi əsirgəməməyin özü də, hansısa bir formada zorakılıq hallarının qarşısını ala bilər.
Dövlətin ayrılmaz bir parçası olan ailələrimizə bütövlük və sağlamlıq arzulayırıq. Arzu edirik ki, uşaqlar sağlam böyüsünlər, valideyn himayəsindən məhrum olmasınlar və valideynlərin hansısa səhvinə görə ailə mühitindən uzaq qalmasınlar”-deyə Jalə Əliyeva bildirib.
İradə Cəlil, Bizimyol.info
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi
Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.
İstiqamət: 6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması.






