Polşada bir radio kanalı jurnalistlərini ixtisar edərək süni intellekt (AI) tərəfindən yaradılan aparıcılarla yenidən yayıma başlaması ümummilli müzakirələrə səbəb olub.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Krakovda yerləşən "OFF Radio" bu həftənin əvvəlində efirə qayıdıb və bunun "Polşada jurnalistlərin virtual personajlar kimi süni intellekt tərəfindən istehsal olunduğu ilk təcrübə" olduğunu elan edib.
Redaksiya bildirib ki, üç süni avatar xüsusi olaraq gənc dinləyicilərə çatmaq, mədəniyyət, incəsənət və sosial mövzularda çıxışlar etmək məqsədi daşıyır.
Stansiya meneceri Marcin Pulit: "Süni intellekt media, radio və jurnalistika üçün fürsətdir, yoxsa təhlükədir? Bu suala cavab axtaracağıq", - deyə bir açıqlama verib.
Bununla belə, bu dəyişiklik daha əvvəl radiokanalda proqram aparan jurnalist və kino tənqidçisi Mateusz Demskinin çərşənbə axşamı işçilərin süni intellektlə dəyişdirilməsinə qarşı açıq məktub dərc etməsi ilə gündəmə gəlib.
Demski bu vəziyyəti "təhlükəli bir presedent" olaraq xarakterizə edib və bunun media sektorunda təcrübəli işçilərin və yaradıcı sənayelərdəki insanların maşınlarla əvəzlənəcəyi bir dünyaya qapı aça biləcəyini bildirib.
Çərşənbə günü səhərə qədər 15 mindən çox insanın imza atdığını və yüzlərlə insandan, xüsusən də gənclərdən rəy aldığını söyləyən Demski, bu təcrübənin mövzusu olmaq istəmədiklərini ifadə edib. Demski 2022-ci ilin fevral ayından "OFF Radio Krakov"da işləyirdi və stansiyanın ictimai yayımçı kimi vergi ödəyicilərinin dəstəyi ilə fəaliyyət göstərdiyini xatırladıb.
Kanalın meneceri Pulit jurnalistlərin süni intellektə görə işdən çıxarılmadığını, dinləyicilərin sayının demək olar ki, sıfır olduğu üçün belə bir addım atdıqlarını bildirib.
Rəqəmsal Məsələlər Naziri Krzysztof Gavkovski də Demskinin məktubunu oxuduğunu və süni intellektin istifadəsi ilə bağlı hüquqi tənzimləmələrin edilməsi lazım olduğunu bildirib. Gavkovski: “Süni intellektin inkişafını dəstəkləsəm də, bəzi hədlərin getdikcə daha çox keçdiyini düşünürəm. Süni intellektdən geniş istifadə insanlara qarşı deyil, insanlar üçün olmalıdır!”, - deyib.
Çərşənbə axşamı stansiya süni intellektin yaratdığı aparıcının 2012-ci ildə vəfat edən Nobel mükafatlı polyak şairi Vislava Şimborskanın səsindən "müsahibə" aldığı veriliş də yayımlayıb.
Qadir, Bizimyol.info






