Mövcud beynəlxalq sistem qəsdən Qəzza zolağında soyqırımı dayandırmır və ərəb icması və Qərbdə baş verənlərin əleyhdarları acizdirlər.
Bizimyol.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada hakim Ədalət və İnkişaf Partiyasının təşkil etdiyi Fələstinin Gələcəyi Konfransında çıxışı zamanı deyib.
“Fələstində soyqırım baş verir və dünya sistemi bunu qəsdən dayandırmır. Bu o demək deyil ki, Qərbdə insanların çoxu baş verənləri normal qəbul edir. Qərb ölkələrində, ABŞ-da, Avropada çoxlu dostlarımız var. Biz bilirik ki, bu onların xoşuna gəlmir və onlar bunu dayandırmaq istəyirlər. Amma dünya sistemi onu dayandıra bilməyəcək şəkildə qurulduğundan soyqırım davam edir və baş verənlərin əleyhdarları aciz görünür. Ərəb icması da bu faciənin qarşısını almaqda aciz, ümidsiz və təsirsiz qalıb”, - deyə Fidan qeyd edib.
Xarici işlər naziri xatırladıb ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının zəruriliyini sistemli şəkildə xatırladıb. “Qərarlar Təhlükəsizlik Şurasına üzv olan beş ölkənin strateji maraqlarına uyğun olaraq qəbul edilir. Amma bütün dünyaya ziyan vurur. İndi minlərlə insan Qəzzada, Ukraynada ölür. Afrikada və digər ölkələrdə hər gün ölüm hadisələri davam edir. Və bu, mövcud beynəlxalq sistemin həll edilməli olan əsas problemidir. Amma təəssüflər olsun ki, bu problem həll olunmamış müəyyən vaxt keçəcək və buna bənzər böhranların şahidi olacağıq”, - deyə Fidan qeyd edib.
Nazir bildirib ki, İsrail-Fələstin münaqişəsi və hərbi əməliyyatların Livan və Suriyaya ötürülməsi sırf regional münaqişə sayıla bilməz. “Bu, beynəlxalq, qlobal problemdir. Fələstin üçün yeganə həll yolu iki bərabər hüquqlu suveren dövlətin yaradılmasıdır. İsrailin baş naziri Benyamin Netanyahunun son 20 ildəki hərəkətləri iki dövlətli həll yolunun unudulmasına gətirib çıxarıb. Amma biz Qəzzada iki müharibə gördük, üçüncüsünü görürük və əgər məsələ həll olunmasa, digər ölkələrin iştirakı da daxil olmaqla, dördüncü və sonrakı müharibəni də görəcəyik”, -deyə Fidan qeyd edib.
O: "İki dövlətli həll həm İsrailin, həm də Fələstinin təhlükəsizliyi üçün vacibdir və İsrail üçün vacib olan bütün hüquqlar və təhlükəsizlik təminatları eyni dərəcədə Fələstin xalqına da verilməlidir", - deyib.
Qadir, Bizimyol.info






