Bir neçə gün əvvəl Türkiyə Milli Təhsil Nazirliyi yeni kurikulumda “tarix” təhsilində köklü dəyişiklik olduğunu və “Orta Asiya” əvəzinə “Türküstan” anlayışının istifadə ediləcəyini açıqlayıb. Bu çərçivədə proqramlara “Orta Asiya” yerinə “Türküstan”, “Deportasiya qanunu” yerinə “Köçürmə və Məskunlaşma Qanunu” kimi termin və anlayışlar daxil edilmişdir. Professor Taşagil bildirib ki, "Türklərin yurdu mənasını verən Türküstan sözü tarixin ən erkən dövrlərindən işlənməyə başlayıb. 19-cu əsrin ikinci yarısında başa çatan rus işğalı nəticəsində Orta Asiya anlayışı formalaşıb. Orta Asiya, "Türküstan" adı ilə əvəz olundu və geniş yayıldı. “Türküstan İranın Xorasan bölgəsindən başlayır, Pamir və Hinduş-Kunlun dağlarının şimal ətəklərindən, Şimali Əfqanıstan da daxil olmaqla, Çinin Tun-huanq bölgəsinə qədər uzanır, oradan Mancuriyanın qərbinə çatır, bütün Cənubi Sibiri əhatə edir. Monqolustanla, qərbdə isə Ural dağları ilə birlikdə Volqa çayının Xəzər dənizinə çatdığı yerə qədər uzanır. Tarixi mənbələrdə bu ərazinin adı XIX əsrin ortalarına qədər Türküstan olmuşdur”-deyə tarixçi bildirib. Professor qeyd edib ki, Sovet rəhbərliyi türk əsilli toplumlar arasında separatçılıq fəaliyyəti həyata keçirərək türkləri parçalamağı bacardı. "O, türkmənləri, qırğızları, qazaxları və özbəkləri ayrı-ayrı respublikalara çevirərək Türküstan birliyini ləğv etdi. 16 sentyabr 1924-cü ildə alınan qərarla Türküstan adı tamamilə aradan qaldırıldı"... Sonradan bolşeviklər "Türküstan"ın inzibati quruluşunu dəyişdilər. Qubernatorluğun mərkəzi yenidən Daşkənd olsa da, adı Orta Asiya bölgəsi oldu.
Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi, professor Kərəm Qarabulud Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, "Türküstan" adının işlədilməsi müsbət haldır.
Kərəm Qarabulud“Türk Dünyasının dünya iqtisadiyyatında, siyasətində, ticarət və sənaye inkişaflarında söz sahibi olma səylərində Türk Dövlətləri Təşkilatının mühüm rolu olacaq. Bu birlik vasitəsilə ortaq sosial-iqtisadi və mədəni məsələlərdə əməkdaşlığın və həmrəyliyin artırılması gələcəyə hazırlıq baxımından əhəmiyyətlidir. Xüsusilə, dünyada baş verən dəyişikliklər göstərir ki, birləşməyən və ya həmrəyliyi möhkəm olmayan cəmiyyətlər gələcəkdə çətinliklərlə üzləşəcəklər. Bu səbəbdən də, Türk Dünyası ölkələri birlik və həmrəyliklərini artıraraq dünyanın gələcəyində mühüm mərkəz kimi çıxış edə bilərlər. Buna nail olmaq üçün yeni layihələr üzərində işləmək faydalı olacaq”.
İradə Cəlil, Bizimyol.info






