Əhmədli qəsəbəsində ailəsini - valideynləri, 9 yaşlı qardaşı, bacısı və onun azyaşlı qızını qətlə yetirməkdə ittiham olunan 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bizimyol.info xəbər verir ki, oktyabrın 10-da Bakı Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyilə keçirilən məhkəmə prosesində qərar elan olunub. Qərara əsasən, kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizalar Əhməd Əhmədovun həm hadisə baş verərkən, həm də hazırda anlaqsız vəziyyətdə olduğunu müəyyənləşdirib.
Qərarda göstərilib ki, Əhməd Əhmədovun ailə üzvlərini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilib.
Bu səbəbdən də o, cinayət məsuliyyətindən azad olunub. Onun barəsində Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq, ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə tətbiq edilib.
Qərarın icrası Səhiyyə Nazirliyinin tabeliyindəki 1 saylı Respublika Psixiatriya Xəstəxanasına həvalə olunub.
Məhkəmədə sənədlərin tədqiqi zamanı o da məlum olub ki, Əhməd Əhmədov haqqı əvvəllər qəsdən bədənə ağır xəsarət yetirməyə görə cinayət işi başlanıb, lakin sonra xitam verilib.
Onun bacısının qaynı Rüstəm Niftəliyev məhkəmədə şahid qismində ifadə verərkən Əhməd Əhmədovdan şikayətçi olduğunu, ona ömürlük azadlıqdan məhrumetmə cəzası tələb etdiyini bildirib.
Məhkəmədə Əhməd Əhmədovun əmisi Vüqar Əhmədov da dindirilib. O bildirib ki, qardaşının ailəsi qapalı ailə idi. Bu səbəbdən ailənin sirri kənara çıxmazdı. Amma o, qardaşı oğlu Əhmədin səhhətində problemlər olduğunu, onun psixi xəstəliklə əlaqədar müalicə aldığını bilmirdi, lakin dərinlikləri haqda məlumatlı deyildi.
Cinayət işinə əsasən, Əhməd Əhmədov fevralın 13-də paytaxtın Günəşli qəsəbəsində yaşayan bacısı – 1997-ci il təvəllüdlü Elmira Əhmədova və onun 3 yaşlı qızını, Əhmədli qəsəbəsində valideynlərinin yaşadığı evdə isə öncə atası, 1972-ci il təvəllüdlü Mehman Əhmədovu, daha sonra anası Pikə Əhmədova və 9 yaşlı qardaşı Məhəmmədi qətlə yetirib.
Qətlə yetirilən 47 yaşlı Bikə Əhmədova Bakıdakı 59 saylı məktəbin direktoru idi.
Əhməd Əhmədov istintaqa ifadəsində ailə üzvlərini ona qarşı saymazyana münasibətə görə öldürdüyünü deyib.
Aytən, Bizimyol.info






