İsrailin Livandakı quru əməliyyatı Türkiyənin növbəti hədəf ola biləcəyi ilə bağlı müzakirələri qızışdırıb. Prezident Ərdoğan İsrailin Türkiyəni “vəd edilmiş torpaq” aldatmacası ilə hədəfə ala biləcəyinə diqqət çəkib. Mütəxəssislərin fikrincə, Türkiyədə Şanlıurfa ən az Qüds qədər önəmlidir. Bu səbəbdən də İsrailin bölgədəki planlarında Türkiyənin “əsas düşmən” kimi kodlandığı vurğulanır.
Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi, professor Kərəm Qarabulud Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İsrailin Türkiyəyə hücum etmək şansı yoxdur. İsrailin belə bir vəziyyəti gözə alacağını düşünmədiyini deyən professor bildirib ki, Türkiyə həm böyük, həm də güclü ölkədir, həm də NATO üzvüdür.
Kərəm Qarabulud“İsrailin Türkiyəyə hücumu o deməkdir ki, dünya ikiyə bölünüb döyüşəcək və bu da İsrailin sonu olacaq. Çünki Türk Dünyası ölkələri və İslam ölkələri Türkiyəyə dəstək olacaq. Və NATO ölkələri dəstəkləməsə, Rusiya və Çin kömək edəcək. Bu, dünyanın ikiyə bölünəcəyi və döyüşəcəyi demək olardı. Onlar təkbaşına vuruşsalar da, Türkiyə İsraildən qat-qat üstündür”-deyən Kərəm Qarabulud vurğulayıb ki, Türkiyənin hazırkı mübarizəsi İsrailin İslam ölkələrinə hücumunu dayandırmaqdır.
“İsrail bu münasibətdən əl çəkməsə, dünyanın bir çox ölkəsindən reaksiyalar alacaq və öz gələcəyi üçün yaxşı nəticələr əldə etməyəcək. İsrail "vəd edilmiş torpaq" ideyasından tez bir zamanda imtina etməlidir. Əks halda, regionda və dünyada çoxlu günahsız insanlar həyatını itirəcək və dünya iqtisadiyyatının sabitliyə nail olması çətinləşəcək”-deyə professor qeyd edib.
İradə Cəlil, Bizimyol.info






