Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş TBMM Mərasim Salonunda keçirilən 28-ci Dövrün 1-ci və 2-ci Qanunvericilik ili Qiymətləndirmə Toplantısında jurnalistlərin suallarını da cavablandırıb.
Bizimyol.info xəbər verir ki, Numan Kurtulmuş Şimali Kipr Türk Cümhuriyyətinin tanınması ilə bağlı yeni dövrdə hansı yolun gedəcəyi ilə bağlı suala belə cavab verib:
"Kipr məsələsi bir prosesdir. Kipr xalqı hər cür fədakarlıq edib və birlikdə yaşamaq iradəsini nümayiş etdirib. Annan planını qəbul edən Kipr tərəfi, rədd edən Yunan tərəfi... Yunan tərəfi mükafatlandırıldı, Kipr cəzalandırıldı. Xüsusilə də Avropa Birliyi Kipr türklərinə qarşı davamlı olaraq ikili standartlarla hərəkət edib. İndi gəldiyimiz nöqtədə iki dövlətli həlldən başqa heç bir həllin olmadığı aydın oldu. Şimali Kipr Türk Cümhuriyyəti və onun cənub hissəsindəki dövlət hazırda faktiki olaraq mövcuddur. Bu iki dövlət arasında ortaq maraqlar, yaxşı münasibətlər, danışıqlar və s. ola bilər, amma Kipr məsələsinin bundan sonra iki dövləti və Kipr türk icmasını görməzlikdən gəlməklə həll olunmayacağı açıqdır. Biz bunu bütün beynəlxalq platformalarda ifadə etməyə davam edirik”, - deyə Numan Kurtulmuş qeyd edib.
Qadir, Bizimyol.info






