Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünya elminin və texnologiyanın fundamentində iz qoyan əsərlərin sahibi - Lütfi Zadə...
Dünya elminin və texnologiyanın fundamentində iz qoyan əsərlərin sahibi - Lütfi Zadə...

Azərbaycanda elmin müxtəlif sahələrində mühüm irəliləyişlərə nail olub. Azərbaycan alimlərinin dünya elmi ictimaiyyətində nüfuzu kifayət qədərdir. Alimlərimiz dünya elminə töhfə veriblər. Bu alimlərdən biri də, Lütfi Zadədir.

Dünyada süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı kimi tanınan Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakıda anadan olub. Onun atası əslən Ərdəbildən idi.

1932-ci ildə Sovet İttifaqı İran vətəndaşı olan azərbaycanlılarla bağlı qərar qəbul edir. Belə ki, onlar ya Rusiya vətəndaşlığını qəbul etməli, ya da ölkəni tərk etməli idilər. Bu səbəbdən də, Rəhim Ələsgərzadə 1932-ci ildə ailəsi ilə birlikdə İrana köçür. Bu köç Lütfi Zadənin həyatında dönüş nöqtəsi olur.

1944-cü ilin iyulunda Lütfi Zadə, ABŞ-a köçür və sentyabr ayında Massaçusets Texnologiya İnstitutuna daxil olur. Təhsilini başa vurduqdan sonra o, magistr dərəcəsi alır. 1949-cu ildə Kolumbiya Universitetində aspiranturaya daxil olaraq, dissertasiya müdafiə etdikdən sonra mühəndislik kafedrasında assistent kimi fəaliyyətə başlayır. 1952-ci ildə diskret sistem üçün Z - çevrilmə metodu (Zadə sözündə baş hərf) üzərində işləyir.

Bu gün, dünyaca tanınmış alim Lütfi Zadənin ölümündən 7 il keçir.

Lütfi Zadənin ilk mühüm elmi işi onun qeyri-stasionar sxemlərin tezlik analizi məsələlərinə həsr olunmuş dissertasiyası olub. Bu, həm də onun beynəlxalq arenada tanınmasına səbəb olub.

Lütfi Zadə 1959-cu ildə professor Kaliforniyaya köçür və burada Berklidəki Kaliforniya Universitetinin Elektrik mühəndisliyi kafedrasında işləməyə başlayır. Bu müddət ərzində onun, sistem təhlili və avtomatik idarəetmə üçün bir çox müasir yanaşmaların mənbəyinə çevrilən nəzəriyyə və ideyaları təklif etdiyi bir sıra nəşrləri işıq üzü görür.

60-cı illərin ortalarında Lütfi Zadə artıq sistemlər nəzəriyyəsi, avtomatik idarəetmə nəzəriyyəsi və onların tətbiqi sahəsində tanınmış mütəxəssis idi. 1965-ci ildə, 44 yaşında alim həyatının əsas əsəri olan “Qeyri-səlis çoxluqlar”ı “İnformasiya və Nəzarət” jurnalında dərc etdirir. Bu əsər böyük tarixi əhəmiyyətə malikdir və bütün dünyada güclü rezonans doğuran yeni elmi istiqamətə təkan verir. Qeyri-səlis çoxluqların tətbiqi davranışı rəqəmsal deyil, linqvistik dəyişənlərlə təsvir olunan mürəkkəb sistemlərin əsaslandırılması və modelləşdirilməsinin təhlilinə çevik yanaşmanın inkişafı üçün əsas yaratdı. Məqalə qeyri-səlis riyaziyyat sahəsində hələ tükənməmiş nəhəng nəşrlər axınına səbəb oldu. Bu əsər nəşr olunduğu gündən bəri təxminən 100.000 dəfə istinad edilib.

Lütfi Zadə dünyaya beş fundamental nəzəriyyə bəxş edib. Bu gün onun nəzəriyyəsi iqtisadiyyat, tibb, sosiologiya və kompüter texnologiyalarında istifadə olunur. Və bu nəzəriyyənin unikallığı çox sadə olmasıdır. Onun kəşfləri Aristotelin iki min ildir mövcud olan iki dəyərli məntiqini məhv etdi. Gördü ki, dünya ağa və qaraya bölünməyib, rəng çalarları ilə doludur. Nəzəriyyə ənənəvi məntiqin sərt “ağ və qara” parametrlərinə alternativ təklif etdi və bunun əvəzinə insanların dünyaya baxış tərzini daha dəqiq simulyasiya edən daha qeyri-müəyyən və ya “qeyri-səlis” məhdudiyyətlərə imkan verdi. O vaxtdan bəri bu konsepsiya Yaponiya metro sistemindən tutmuş avtomobillərin yolda təhlükəsizliyini təmin edən alqoritmlərə qədər geniş çeşiddə texnoloji tətbiqlərə inteqrasiya edilib.

Lütfi Zadə 240-dan çox elmi məqalənin müəllifidir. Bu gün dünyanın müxtəlif ölkələrində qeyri-səlis məntiq nəzəriyyəsi ilə bağlı 25-ə yaxın elmi jurnal nəşr, minlərlə məqalə dərc olunub. Zadə dünya elminə 5 fundamental nəzəriyyə təqdim etmişdir. Elmin inkişafında elmi ixtiralar: “Təəssüratlar nəzəriyyəsi”, “Kosmosun vəziyyəti nəzəriyyəsi”, “Verbal hesablama nəzəriyyəsi”, “Yumşaq hesablama nəzəriyyəsi”, “Optimal süzülmə nəzəriyyəsi” üzrə böyük rol oynamışdır.

ABŞ Milli Mühəndislik Akademiyasının üzvü, Milli Elmlər Akademiyasının fəxri akademiki seçilən Lütfi Zadə, 43 ildən sonra yenidən Bakıya 2008-ci ilin noyabrında gəlib.

Lütfi Zadə ölümündən əvvəl prezident İlham Əliyevə məktub yazaraq müsəlman adətlərinə uyğun olaraq Bakıda dəfn olunmasını xahiş etmişdi. 2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə elm və texnologiyanın inkişafına verdiyi töhfələrlə mədəniyyətlərarası dialoqun qurulmasında müstəsna xidmətlərinə görə Lütfi Zadə “Dostluq” ordeni ilə təltif edilib.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması

Son xəbərlər
Bütün xəbərlər »