Dünyanın ilk "mRNT" ağciyər xərçəngi peyvəndi xəstələr üzərində sınaqdan keçirilməyə başlanıb. Türkiyə də daxil olmaqla 7 ölkədə aparılan klinik sınaqlar çərçivəsində peyvəndin ilk dozası İngiltərədəki bir xəstəyə verildi.
Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, elm adamları orqanizmə “xərçəng hüceyrələrini aşkarlamağa, məhv etməyə və onların geri qayıtmasının qarşısını almağa” imkan verən yeni "mRNT" peyvəndini sınaqdan keçirirlər.
"BNT116Ü adı ilə tanınan və "BioNTech" tərəfindən istehsal edilən peyvənd xəstəliyin ən çox yayılmış forması olan ağciyər xərçənginin müalicəsində istifadə olunacaq.
Ağciyər xərçəngi hər il dünyada təxminən 1,8 milyon insanın ölümünə səbəb olur.
"BNT116"nın birinci mərhələsinin klinik sınaqları Böyük Britaniya, ABŞ, Almaniya, Macarıstan, Polşa, İspaniya və Türkiyədə 34 tədqiqat mərkəzində aparılır. Xəstəliyin müxtəlif mərhələlərində, yəni cərrahiyyə və ya radioterapiyadan əvvəl erkən mərhələdən gec mərhələdə olan xəstəlik və ya təkrarlanan xərçəngə qədər təxminən 130 nəfər immunoterapiya ilə birlikdə peyvənd alacaq. İngiltərədə peyvəndin ilk dozası Londonda yaşayan 67 yaşlı Yanuş Raça verilib. Raça altı həftə ərzində hər həftə, sonra 54 həftə ərzində üç həftədən bir peyvənd olunacaq. May ayında xərçəng diaqnozu qoyulan və kimyaterapiya müalicəsi alan Raça: "Elmin inkişafı insanların bu cür tədqiqatlarda iştirak etməyə razı olmasındadır", - deyib.
İngiltərədəki tədqiqat mərkəzindən onkoloq Prof Siov Ming Lee peyvəndin sadə bir prinsip üzərində işlədiyini söyləyib: "Bu yolla, xərçəng hüceyrəsindəki xüsusi antigenləri seçə və hədəfləyə bilərsiniz", -
deyib. Peyvənd orqanizmi xərçəng hüceyrələri ilə mübarizəyə hazırlamaq üçün koronavirus vaksinlərinə bənzər messenger RNT (mRNA) istifadə edir. Bu yolla, kimyaterapiyadan fərqli olaraq, sağlam hüceyrələrə zərər vermədən orqanizmin xərçəngə qarşı immun reaksiyası gücləndirilir.
Qadir, Bizimyol.info






