Göygöldə iki günlük səyahətdən sonra Bakıya gələndə başqa bir hava ilə qarşılaşırsan. Avtomobillər, onların səsi, havaya buraxdığı zəhərli qazlar, dib-dibə tikilmiş binalar və tıxac… Nə yaxşı ki, arada heç olmasa 2 gün də olsa gedə biləcəyimiz Göygölümüz var. Unutmamış deyim ki, Göygöldə Azərbaycanın qırmızı kitabına düşən qızıl balıq var.
Bu barədə Göygöl Milli Parkın direktoru Fuad Quliyev Bizimyol.info xəbər portalına müsahibəsində qeyd edib. Direktor bildirib ki, hazırda Göygöldə qızıl balığın kütləsi və say həddi ürəkaçan səviyyədədir, Göygöldə onların yaşaması üçün çox gözəl şərait də var.
“Oksigenin miqdarı sonuncu ölçməyə görə 10,2 qram edir. Görünən o dərə hissələrindən daimi olaraq şirin sular bu gölü qidalandırır. Suyun temperaturu Göygöldə soyuqdur. Qızılbalığın yaşadığı mühitə tam uyğun bir göldür. Eyni zamanda Göygölün bu gözəlliklərindən əlavə, onun suyu da bizim üçün şəfadır. Gəncə şəhəri və Göygöl rayonu bu Göygölümüzün suyundan istifadə edir”-deyən Fuad Quliyev bildirib ki, Azərbaycan təbiətinin əsrarəngiz nümunəsi olan Göygöl Milli Parkı göz bəbəyi kimi qorunur.
P.S. Park həqiqətən də qorunur. Qapıda olan mühafizəçi, bələdçidən tutmuş ərazi inspektorlarına kimi hamı işinə məsuliyyətli yanaşır. İnsanların parkı ziyarət etməsi üçün hər bir şərait yaradılıb. Mən deyərdim ki, Göygölü təkcə Milli Park statusu ilə tanımamalıyıq, bura həm də bizim hüzur yerimizdir…
İradə Cəlil, Bizimyol.info






