Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Almaniyanın Leypsiq şəhərində keçirilən Highfield Musiqi Festivalı zamanı dönmə çarxında yanğın baş verib. Yanğında ilk açıqlamada 23 nəfərin yaralandığı bildirilsə də, Alman polisi yaralıların sayının 65-ə yüksəldiyini bildirib. Polis 16 nəfərin xəstəxanaya yerləşdirildiyini, müalicə olunanlardan 4-nün yanıq xəsarətləri aldığını qeydə alıb. Polis özünü aşağı atan iki nəfərdən birinin yıxılma nəticəsində yaralandığını da açıqlayıb.
Almaniyanın “Bild” qəzetində yer alan xəbərə görə, saat 21:13-də dönmə çarxının altındakı obyekt naməlum səbəbdən alovlanıb. Başlayan yanğın bir kabinədən digərinə keçib.
Polis, 144 nəfərlik dönmə çarxında baş verən yanğınla bağlı araşdırmanın davam etdiyini və yanğınsöndürmə briqadasının sürətlə hadisə yerinə gəldiyini və həmin axşam yanğını söndürdüyünü açıqlayıb.
Şahidlərdən biri: “Biz plastik iyini hiss etdik və qoxunun düşərgə ərazisindən gəldiyini düşündük. Yanğınsöndürmə briqadası çox tez hadisə yerinə gəldi və mütləq daha böyük fəlakətin qarşısını aldı”, - deyə bildirib.
Yanğın zamanı səhnədə olan alman repçi Ski Aggu sosial şəbəkədə paylaşım edərək yaşadıqlarını açıqlayıb. Aggu baş verənlərdən “dəhşətə və şoka düşdüyünü” yazıb: “Hayfilddə konsert proqramım zamanı baş verən dönmə çarxında baş verən yanğın məni tamamilə sarsıtdı və kədərləndi. Mənə dedilər ki, heç bir halda konserti dayandırmamalıyam və kütləvi panikanın qarşısını almaq üçün ilk növbədə sizinlə dialoq aparmalıyam”, - deyə o qeyd edib.
"Sakit qaldığınız və yəqin ki, daha pis bir şeyin qarşısını aldığınız üçün hamınıza təşəkkür edirəm" , - deyə repçi əlavə edib.
Dönmə çarxının operatoru Hanstein yanğının döşəmədə başladığını söyləyib.
“İşçilərim mənə dedilər ki, o zaman kabinədə heç kim yox idi”. Hanstein, dönmə çarxının fırlanma sürətini artıraraq, kabinlərin boşaldılmasını asanlaşdırdıqlarını bildirib.
Təşkilatçılar festivalın davam edəcəyini açıqlayıblar.
Qadir, Bizimyol.info






