Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanı gəzən məşhur bloger Azərbaycana gəlir: "İlk səfərim olacaq və mən çox həyəcanlıyam"
Dünyanı gəzən məşhur bloger Azərbaycana gəlir: "İlk səfərim olacaq və mən çox həyəcanlıyam"

Nas Deylini xüsusilə gənc nəsil yaxşı tanıyır. Amerikalı videobloger dünyanı gəzir, müxtəlif ölkələrdən maraqlı görüntülər paylaşır. Nas Deylinin videoları ənənəvi sayıla bilməz. Çünki onun hazırladığı materiallar yeni şeylərin öyrənilməsinə, kəşf edilməsinə səbəb olur. Bloger indi də Azərbaycana gəlir. O, bununla bağlı paylaşım edib.

Bizimyol.info xəbər verir ki, Nas Deyli İsraildə fələstinli ailəsində doğulub. Əsl adı-soyadı Nuseyr Yasindir. Atası psixoloq, anası müəllimdir. Nuseyr hələ 19 yaşı olanda Harvard Universitetinə daxil olmağı bacarıb. O, ABŞ təhsil ocağında iqtisadiyyat və kompüter elmləri sahəsində dərəcə almağa nail olub. 2014-cü ildə məşhur ödəmə sistemi olan “Venmo”da işə başlayıb. Yasin cəmi iki il sonra işdən çıxaraq dünyanı kəşf etmək qərarına gəlib.

Nas Deyli müraciətində yazıb: “Salam, Azərbaycan - Mən SƏNƏ gəlirəm! Bu, Azərbaycana ilk səfərim olacaq və mən çox həyəcanlıyam! Bu həftə görüş keçirirəm - sizinlə görüşmək istəyirəm və əgər gəlsəniz, Nas Daily videosunda olacaqsınız. Elə isə gəl mənimlə görüş!

TARİX: Cümə axşamı, 15 avqust 2024-cü il, saat 16:00 Burada mənim icmama qoşulun: nas.io/nasdaily-azerbaijan. Azərbaycan bayraqlarınızı , dostlarınızı gətirin, orada olun! Şəxsən görüşənədək!”

Məşhur blogerin paylaşımına azərbaycanlılar xeyli reaksiya verib. Onların arasında tanınmışlar da var. Məsələn, voleybol üzrə qadınlardan ibarət milli komandanın üzvü Polina Rəhimova onunla görüşmək istədiyini yazıb. Nas Deyli “tezliklə görüşənədək” cavabını verib.

Nas Deylinin şəxsi saytı var. “YouTube” kanalında izləyici sayı isə 13,7 milyon nəfəri keçib. Onun videolarına baxış sayı 8 milyarda yaxınlaşır. Yazılan minlərlə rəyin arasında azərbaycanlıların fikirlərinə də çox rast gəlinir. Görünür, Nas Deyli məhz buna görə bizim ölkəyə diqqət ayırıb.

Nuseyr Yasin hələ də İsrail vətəndaşıdır. Amma 2022-ci ildə Sent-Kits və Nevis vətəndaşlığı da əldə edib. Bu isə Malayziyaya getmək imkanı yaradır. Asiya dövləti onu İsraildən olmasına görə sərhəddən qaytarmışdı. Nas Deyli bu üsulla istəyinə çatıb.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »