Dövrün ən böyük ixtiralarından biri olan süni intellekt, demək olar ki, bütün sektorları dəyişdirməyə davam edərkən, süni intellektin istehlak etdiyi böyük miqdarda enerji müzakirə olunmağa davam edir.
Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın “Goldman Sachs” investisiya bankının dərc etdiyi hesabatda deyilir.
Məlumat mərkəzlərinin enerji istehlakı uzun illərdir ki, durğun qalsa da, məhsuldar süni intellekt alətlərinin sürətlə artması ilə məlumat mərkəzlərinin enerji tələbatının 2030-cu ilə qədər 160 faiz artacağı gözlənilir.
Beynəlxalq Enerji Agentliyinin məlumatlarına görə, süni intellekt tətbiqləri ilə edilən sorğular çox enerji sərf edir. Müvafiq olaraq, “ChatGPT” sorğusu 2,9 vatt-saat elektrik enerjisi, “Google” axtarışı isə 0,3 vatt-saat elektrik enerjisi sərf edir. Bu o deməkdir ki, süni intellekt sorğuları “Google” axtarışlarından təxminən 10 dəfə çox enerji sərf edir.
Məlumat mərkəzləri ümumi enerjinin təxminən 4 faizini istehlak edəcək
“Goldman Sachs” hesabatına görə, hazırda dünya üzrə məlumat mərkəzləri ümumi enerjinin təxminən 2 faizini istehlak edir, lakin bu faizin 2030-cu ilə qədər 3 və ya 4 faizə yüksələcəyi proqnozlaşdırılır.
ABŞ-da 2022-2030-cu illər arasındakı dövrə əsasən, son 10 ildə enerji tələbatında demək olar ki, artım olmasa da, məlumat mərkəzləri və digər ehtiyaclar da daxil olmaqla, bu tələbin təxminən 2,4 faiz artacağı gözlənilir.
“Goldman Sachs” analitiklərinin fikrincə, ABŞ-dakı enerji şirkətləri yalnız məlumat mərkəzlərini dəstəkləmək üçün yeni nəsil gücünə təxminən 50 milyard dollar sərmayə qoymalıdırlar. Bu vəziyyət Avropada çox da fərqli deyil. 2023-2033-cü illər arasında Avropanın enerji tələbatı həm məlumat mərkəzlərinin genişləndirilməsi, həm də elektrikləşdirmənin sürətləndirilməsi hesabına 40-50 faiz artacaq.
Hazırda dünya data mərkəzlərinin təxminən 15 faizi Avropada yerləşir. 2030-cu ilə qədər bu məlumat mərkəzlərinin enerji ehtiyaclarının Portuqaliya, Yunanıstan və Hollandiyanın ümumi istehlakına bərabər olacağı gözlənilir.
Süni intellektlə şəkillər hazırlamaq telefonu doldurmaq qədər enerji sərf edir
Görüntü yaradan süni intellektin sərf etdiyi enerji miqdarı da mübahisələrə səbəb olur. Son zamanlar məşhurlaşan şəkil mərkəzli süni intellekt, istehsal etdiyi hər görüntüdə əhəmiyyətli miqdarda enerji sərf edir.
“The Verge” texnoloji saytının məlumatına görə, bir smartfon şarj etmək üçün orta hesabla 0,012 kilovat-saat enerji sərf edir. Məhsuldar süni intellektdən istifadə edərək yalnız bir şəkil əldə etmək telefonu doldurmaq qədər enerji sərf edir.
Qadir, Bizimyol.info






