Bizim ölkədə xarici valyutalardan ən çox dollara ehtiyac duyulur. Hələ də bəzi məhsulların satışı ABŞ puluna ekvivalent müqayisə ilə satılır. Yəni bir şeyin dəyərinin dollarla nə qədər ola biləcəyi nəzərə alınır. Avro coğrafi mövqe baxımından daha yaxın ərazini əhatə etsə də, Avropa valyutası dollar qədər maraq görmür.
Bizimyol.info xəbər verir ki, Azərbaycanda dollara maraq əsasən devalvasiya ehtimalı olan dövrdə artır. Maraqlıdır, son vaxtlar məhz bu tendensiya müşahidə edilir. Düzdür, COP29 tədbirlərinə qədər devalvasiya gözlənilmir. Görünür, əhali müəyyən narahatlıq yaşayır. Buna görə də dollara tələbat artıb. Bir növ devalvasiya ehtimalı heç unudulmur.
Mərkəzi Bankın məlumatına görə, 2024-cü ilin yanvar-iyul aylarında valyuta hərraclarında 4,1 milyard dollar məbləğində satış olub. Təxminən orta aylıq 600 milyon dollar satışdan söhbət gedir. Hələ fevralda bazardakı təşviş rəqəmlərin yüksək olacağından xəbər verirdi. Çünki bankların, valyutadəyişmə məntəqələrinin köhnə əsginasları götürməməsi canlanma yaratmışdı. Əhali belə hesab etmişdi ki, qarşıda devalvasiya olacaq, buna görə də banklar məhdudiyyət qoyur. Məhz bu vəziyyət üzündən təkcə fevralda satış 920 milyon dolları keçmişdi. Amma yaz aylarından vəziyyət sabitləşmişdi.
Son dövlər yenə dollara tələbat kəskin artıb. Bunun nəticəsidir ki, 7 aylıq göstərici 4 milyard dolları keçib.
Mütəxəssislər nə deyir? Açıqlaması yayılan ekspertlər nikbin danışmağa çalışırlar. Deyirlər ki, idxalın çoxluğuna görə belə vəziyyət yaranıb. Guya iqtisadi aktivlik idxalın artmasına xidmət edir. Bu da dollara tələbatı artırır. Təəssüf, ekspertlər demək istəmir ki, ölkə iqtisadiyyatı idxaldan çox asılı vəziyyətdə qaldığından, həmişə dollara belə tələbat müşahidə edilir. Əlbəttə, dövlətin invesitisiya layihələri artıb, bu da özünü göstərir. Amma səbəb həm də idxaldan asılı olmağımızdır.
Bizi nə gözləyir? Qarşıdakı aylarda da dollara tələbat yüksək olacaq. Gələn ildən isə devalvasiya gözləməyə dəyər.
Aytən, Bizimyol.info






