Bu günlərdə yolumuz Beyləqan rayonuna düşmüşdü. Həmin gün şəhid Həmid Həmidlinin doğum günü münasibətilə tədbir keçirilirdi. Biz də şəhidin ailəsini ziyarət etdik və yaxınları, doğmaları ilə söhbətləşdik.
Şəhidin xalası Vəfa Vəliyeva Həmidli Həmidli haqqında yazdığı “Dəmir atlı qəhrəman” şeirinin də müəllifidir. Vəfa Vəliyeva eyni zamanda məktəbdə dil-ədəbiyyat müəlimidir. O da şəhid haqqında xatirələrini Bizimyol.info xəbər portalı ilə bölüşüb:
“Həmid Tovuz döyüşləri barədə danışanda deyirdi ki, "xala, biz ermənilərin qarşısında “at oynadırdıq”". Həmid danışanda gözlərindəki qığılcımdan hiss olunrudu ki, bu insan nə qədər vətənpərvər oğuldur, nə qədər vətəninə bağlı bir insandır. Mənim anam həmişə dua edirdi ki, Həmidə heç nə olmasın. Elə olanda Həmid deyirdi ki, “nənə bəs bu torpaqları kim alsın, nəyə görə bu bəla bizdən sonrakı nəsillərə qalsın”? Həmid istəmirdi ki, bu problem sonrakı nəsillərə qalsın”...
Vəfa Vəliyeva bildirib ki, Həmid Həmidli 44 günlük Vətən müharibəsində də ağır yaralanıb. Yanan tankın içindən yaralı şəkildə çıxanda ailəsi onun sağ olduğu üçün Allaha şükürlər edib. Həmidin xalası deyir ki, 1 günlük lokal antiterror əməliyyatı zamanı Həmidin yaralanması bütün ailə üçün ağır bir dərd idi.
“Mən hər zaman deyirəm ki, “dərdimiz boyda şərəfimiz, dərdimiz boyda qürurumuz var. Ağırdır. Təbii ki, böyük dərddir. Amma Həmid öz arzusuna çatdı. Həmid 44 günlük müharibə zamanı yaralananda deyirdi ki, "təəssüf ki, sona qədər olmadı".
1 günlük lokal antiterror əməliyyatı nəticəsində torpaqlarımız bütövləşdi. Bir söz deyirlər, “oğul düşmən çəpəridir”. Bu gün digər dövlətlər qarşısında başımız ucadır. Bu ucalığı bizə Həmid və Həmid kimi düşmənə çəpər olan şəhidlərimiz, qazilərimiz qazandırdı.
Həmid şəhid olduqdan sonra oğlum “Zəfər günü” ilə bağlı şeir istədi məndən. Mən də düşündüm ki, elə bir şeir olmalıdır ki, orada Həmid də olsun. Bu zaman “Dəmir atlı qəhrəman” şeirini yazdım. Sonra ona bizim məktəbdən Aytac Tofiqqızı mahnı bəstələdi. Bu gün hər kəs məktəbdə o mahnını oxuyur”-deyə Vəfa Vəliyeva qeyd edib.
İradə Cəlil, Bizimyol.info






