“Gəl, hardasan?! Sən gedəndən yaz ömrümü qar alıb. Bu dünyada nə sevmişəm? Hələ ürəyimdə məhəbbət qalıb”...
Sevgi... Elə bir duyğudur ki, sevdiyin insan həyatının mərkəzində olur. Onunla nəfəs alır, səhər-axşam onu düşünürsən. Səsini eşitmək, ona toxunmaq, varlığını hiss etmək istəyirsən. Hələ bu sevgi sənin ilk sevgindirsə, özünü bir an da olsun o olmadan təsəvvür edə bilmirsən. Səhərlərin onunla açılır, axşamların onunla bitir. Bir gün onun həyatında olmayacağı fikrini yaxına da buraxmırsan. Bu düşüncə ağlına gələndə sözlər boğazında düyümlənir, bir qəhər burnunun dirəyini sızıldadır... “Yox, onsuz bu həyatı yaşamaq olmaz”-deyə düşünürsən...
...Günay da Həmidi elə sevirdi. Elə sevir ki, hətta məzarındakı şəklinə baxanda belə onun yoxluğuna inanmır. Deyir ki, “o bir gün gələcək”...
Günay şəhid kapitan Həmid Həmidlinin həyat yoldaşıdır. Günay xanım həyat yoldaşı ilə bağlı xatirələrini Bizimyol.info xəbər portalına danışıb.
şəhid Həmid Həmidlinin həyat yoldaşı Günay xanım / Foto: İradə Cəlil, Bizimyol.info“Bizim tanışlığımız vasitəçiliklə olub. Birinci xalası ilə, sonra Həmidlə tanış olmuşam. Biz Həmidlə tanış olanda o kursant idi.
2017-ci il iyun ayının 18-i bizim nişanımız oldu, iyunun 19-u isə ilk iş günü idi. Biz Həmidlə görücü üsulu olsa da, bir-birimizi çox istəyirdik. Həmid mənim ilk sevgim idi. Həmidə hər zaman deyirdim ki, mən sənin hərflərini ayrı-ayrılıqda sevirəm. Həmidi mən hər zaman iki uşağımdan da çox istəyirdim. Bu, indi də elədir. Mənim üçün Həmid bir başqa dünya idi”-deyə Günay sevgi dolu sözlərinin Həmidindən əskik etmir, hələ də Həmidin dünyadan köçdüyünə inanmır. Onu hər gün yaşayır, içində yaşadır...
“Mən onu gözləyirəm. Öz-özümlə danışıram. Düzdür, qəbiristanlıqda görürəm, yenə də inanmıram. Mən bilsəm ki, Həmid bir daha gəlməyəcək, bəlkə də bu fikirdən dəli olaram. Düzdür, gözümlə gördüm, baxdım. Amma inanın ki, o halına belə bir ayrı vuruldum. Çox qəşəng idi, çox yaraşıqlı idi. Hələ də düşünürəm ki, gələcək. Axşama kimi gözləyirəm, axşam başımı yastığa qoyanda insan gerçəklərlə üzləşir. Amma onun yoxluğunu yaxına buraxmıram”-deyə Günay bildirib.
şəhid Həmid Həmidlinin həyat qızı Könül / Foto: İradə Cəlil, Bizimyol.infoGünay Həmidlə son görüşündən də danışıb. Deyir ki, sentyabrın 17-də Həmidin işi çox olduğu üçün uzaqdan sağollaşıb. Sentyabrın 19-da Həmidlə sonuncu dəfə danışıb.
“Ayın 19-da axşam 5-də yazanda "bir xətt" oldu. Hiss etdim ki, nəsə olub. Sonra onu gətirdilər. Səhərə qədər tabutunu qucaqlayıb, ağladım...
Biz heç bir zaman Həmid üçün belə böyük ad günü keçirməmişdik. Sadəcə bizim bir təsəllimiz var. Həmid öz arzusuna çatdı. O, şəhid olmağı arzulayırdı. Bir tək ümidim var, biz nə vaxtsa qovuşacağıq”-deyə Günay göz yaşlarını saxlaya bilmir...
İnsan itirmək çətindir. Əgər o, sənin sevdiyin, çox istədiyin bir insandırsa, onu itirəndə daha pis hiss edirsən. Ağlamaq, göz yaşını axıtmaq da işə yaramır. Sakitləşə bilmirsən. Bəzən özünü onun sağ olduğuna inandırırsan, bəzən isə ölməyin gəlir...
İradə Cəlil, Bizimyol.info






