Ötən gün sosial şəbəkələr Ağadadaş Ağayevin baltalı hücumu və döyülməsini əks etdirən video görüntülərlə silkələndi. Demək olar ki, hər kəs bu hadisədən danışırdı. Sosial şəbəkə iştirakçıları iki qismə bölünüb, bəziləri Ağadadaş Ağayevi, digər bir qisim isə döyən gözətçini müdfaiə edirdi. Əlqərəz yenidən bu hadisə haqqında hansısa şərh vermək fikrim yoxdur. Sadəcə çox maraqlıdır ki, bunun kimi oxşar hadisələrə aid videolar sosial şəbəkələrə necə və kim tərəfindən ötürülür, niyə ötürülür?
Məsələnin maraqlı tərəfi budur...
Bir neçə gün əvvəl yol polisi piyadanın özünü yola atması, sürücülərə problem yaratması və hadisə nəticəsində bir avtomobilin sıradan çııxmasını özündə əks etdirən bir video paylaşmışdı. Bu videoya baxan hər kəs orada sadəcə birinin yolu qaçaraq keçməsini və avtomobilə zərər dəydiyini gördü.
Yol polisi bu kimi videoları nəticəsiz olmadan niyə yayır?
Olmazdımı ki, həmin videoya yolu qaçaraq keçən sərnişinin saxlanılması və ona cərimə tətbiq edilməsi və hətta avtomobilə ona görə dəyən zərərin ödənilməsini də özündə əks etdirən video izləyərdik? Niyə bütün işlər yarım görülür?
Və yaxud cinayət hadisələrindən danışaq. Ötən gün kişi öz arvadını 8-ci mərtəbən aşağı atıb. Hadisədən xəbərdar olan-olmayan, başı çıxan-çıxmayan istənilən bir televiziya işçisi mikrafonu əlinə alıb hadisə yerinə gedir. Qonşu deyir: "Qadın yerə düşəndən sonra əri gəlib, dedi ki, “sən hələ ölməmisən?”"
Başqa bir hadisə... Dünən bir idmançı güya uşağını girov götürüb öldürəcəkmiş, polis müdaxilə edib, adamı zərərsizləşdirib. Bir müxbir hadisə yerindən reportaj hazırlayır. İdmançı haqqında danışan qadın: “uşağımın topunu cırmışdı”... Və qadının da üzünü gizlədirlər...
Digərləri deyir ki, “öz həyatını yaşayan, qonşulara dəyib-dolaşmayan adam idi”... Və sonradan müxbir kimisə dediyi sözə görə "ifşa" etmək istəyir və s. və ilaxır...
Burada polisi də kölgə altına atırıq, ölən idmançının hansı səbəbdən öldürüldüyü də insanların ağlında şübhəli qalır.
Ümumi hadisələrə nəzər salanda görünür ki, cəmiyyətin ağlı ilə oynayan və öz işini düzgün formalaşdıra bilməyən bir sistem var:
1. Cinayət videoları şəbəkələrə o halda ötürülə bilər ki, illər keçsin, cinayət işi tamamlansın, cinayətkar cəzasını alsın. Bu halda belə, üstü örtülü şəkildə təqdim edilməlidir. Daha “baltalı Əhməd” cinayətindəki kimi yarılan başlar, qan gölməçəsi, cinayətin necə həyata keçirildiyi haqda detallar yer almamalıdır.
2. Zərərsizləşdirilən idmançı haqqında reportaj hazırlayıb, artıq öldürülmüş birinin cəmiyyətə mənfi bir insan kimi göstərilməsinə nə gərək var? Artıq bu insan həyatda yoxdur. Bu kimi savadsızcasına hazırlanmış reportajlar polisin özünə haqq qazandırmasına çalışırmış kimi göstərir. Əgər bu haqda reportaj hazırlanırsa, iş mütəxəssisə həvalə edilməlidir. Xüsusi bir nüans var: “ölən insan hər zaman təriflənməlidir”...
Yəni bu kimi reportajlar xüsusi sifarişlə hazırlanmış olsa belə, iş professionala həvalə edilməlidir ki, ucuz görünüb, ağıllarda sual işarəsi yaratmasın. Əslində isə heç buna da gərək yoxdur. Polis işini düzgün həyata keçirir, heç kimə hesabat verməyə ehtiyac yoxdur...
Məncə, "sarı" mətbuatı cinayət işlərindən uzaq tutmaq lazımdır. Çünki bəzən hadisələrin çəkilib cəmiyyətə göstərilməsi təşviq effekti yaradır. Bu gün arvadından bezən artıq bilir ki, o da arvadını binadan atıb öldürə bilər və yaxud bıçaqlaya bilər. Kiməsə əsəbləşən insanlar artıq “baltalı Əhməd” cinayətindən sonra “söhbət xırdalamağa” balta ilə çıxır.
Polisin baş verən hadisə ilə bağlı cəmiyyətə hesab verməsinə ehtiyac yoxdur. Bu hesab o zaman təqdim edilə bilər ki, ictimai qınaq olsun və baş verən hadisə ilə bağlı polis günahlandırılsın. Baş vermiş cinayət hadisələri heç bir halda, heç bir şəkildə cəmiyyətə ötürülməməlidir.
Bir müddət əvvəl bir verilişdə qayınata gəlinini necə öldürdüyünü cansız maniken üzərində göstərirdi. Buna nə ehtiyac var? Bu gün evində televiziyaya baxın yeniyetmə və gənclər cinayəti necə işləmələrini artıq yayımlanan kriminal proqramlarından öyrənirlər.
Mən jurnalist kimi deyil, bir vətəndaş və iki yeniyetmə anası olaraq bu kimi videoların sosial şəbəkələrə, cəmiyyətə birbaşa ötürülməsinin əleyhinəyəm. Oğlum mənə hansısa cinayət videosunu göstərirsə, burada günahkar onu sosial şəbəkəyə, dolayı yolla cəmiyyətə ötürəndir. Belə davam edərsə, hələ çox cinayətlərə şahidlik edəcəyik.
Bir cəzalandırma mexanizmi olmalıdır. Cinayət yerində baş verənlər vizual olaraq, elə orada qalmalıdır. Çəkib paylaşanlar xüsusi şəkildə cəzalandırılmalıdır, kimliyindən asılı olmayaraq...
İradə Cəlil, Bizimyol.info






