Əhalinin xərcləri barədə yeni statistik hesabat açıqlanıb. Bir daha anlayırsan ki, bu ölkədə dolanışıq nə qədər çətinləşib. Əhalinin xərclərinin 55 faizindən çoxu ərzağa, içki və tütün məmulatlarına gedir. Konkret ərzağa xərcin yarıdan çoxu sərf olunur. Olduqca pis göstəricidir. Hətta qonşu ölkələrlə müqayisə edəndə də durumun acınacaqlı şəkil almasını görmək olur. Qərb dövlətləri ilə müqayisədən heç danışmırıq. Bu ölkələrdə insanlar xərclərinin uzağı 15-16 faizini ərzaq istiqamətinə yönəldir.
Bizimyol.info xəbər verir ki, 2024-cü ilin birinci yarımilində pərakəndə ticarət şəbəkəsində istehlakçılara 27 milyard 251,2 milyon manatlıq, eyni zamanda, 15 milyard 036,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12214,8 milyon manatlıq qeyri-ərzaq malları satılıb. Dövlət Statistika Komitəsi bununla bağlı hesabat paylaşıb. İlin ilk 6 ayı ərzində əhali ərzaq məhsullarına 13 milyard 776,8 milyon manat xərcləyib. Əhalinin toxuculuq məhsulları, geyim və ayaqqabılara 3 milyard 500,5 milyon manat, avtomobil benzini və dizel yanacağına 1 milyard 557,8 milyon manat, əczaçılıq məhsulları və tibbi ləvazimatlarına 621,2 milyon manat vəsaiti sərf olunub.
Yeni inflyasiya göstəriciləri açıqlanıb. Guya ilk yarımildə cəmi 0,7 faiz qeydə alınıb. Halbuki təkcə Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər çox şeydən xəbər verir. Əhalinin ərzaq xərcləri sürətlə artır. Pandemiyadan əvvəl ilin ilk 6 ayı ərzində xərclər 10 milyard manata çatmırdı. Məsələn, 2019-cu ildə əhali 19 milyard 971 milyon manat xərcləmişdi. İndi isə təkcə 6 ay ərzində 15 milyard manatdan çox sərf olunub. Yanacağın qiymətinin artması illik xərcləri 30 milyard manatdan da uzağa aparacaq. Deməli, əhalinin sosial vəziyyəti dayanmadan ağırlaşır.
Bu ölkədə insanlar yalnız keyfiyyətsiz və bahalı qida üçün işləyir. Xərclərin çoxunu da ərzağa xərcləyir ki, həyatda qalsın. İllərdir durum dəyişmir, əksinə, hər açıqlanan statistika daha çox qayğıdan danışır.
Aytən, Bizimyol.info






