Ukrayna müharibəsi Azərbaycan vətəndaşlarının əmək miqrasiyasının mənzərəsini dəyişdi. Məlum oldu ki, daha Rusiyada xoşbəxtlik axtarmağa dəyməz. Çünki şimal dövləti bütün potensialını müharibəyə yönəldir. Orada iqtisadi vəziyyət ağırlaşmağa başladı. Kreml nə qədər nikbin görünməyə çalışsa da, ölkədə ciddi dəyişiklik baş verdi. Böyük pullardan daha söhbət gedə bilməzdi. Bunun məntiqi nəticəsi kimi, sahibkarlıq fəaliyyətində də imkanlar məhdudlaşdı. Təbii ki, orada illərdir işləyən azərbaycanlıların durumu da pisləşdi. Məhz müharibə başlayandan sonra vətənə qayıdanlar oldu.
Bizimyol.info xəbər verir ki, rəsmi rəqəmlərə görə, 2023-cü ildə xarici ölkələrdən Azərbaycandakı fiziki şəxslərə 1 milyard 655 milyon dollar pul köçürməsi həyata keçirilib. 2022-ci illə müqayisədə xarici ölkələrdən Azərbaycana köçürülən pulun həcmi təxminən iki dəfə azalıb. Ancaq 2022-ci ildən öncəki illərlə müqayisədə Azərbaycana göndərilən vəsaitin həcmi hələ də yüksək sayılır.
2021-ci ildə Azərbaycana cəmi 1 milyard 133 milyon dollar köçürülmüşdü. 2022-ci ildə pul köçürmələrindəki kəskin artım Rusiya və Ukrayna arasında müharibənin başlamasına görə olmuşdu. Həmin vaxt Rusiya banklarına sanksiyaların tətbiqi və digər məhdudiyyətlər üzündən Rusiyada yaşayan azərbaycanlılar öz vəsaitlərini vətənə köçürməyə başlamışdı. Proses səngidiyindən pul köçürmələrinin həcmi də azalıb.
Pul köçürmələrinin həcmindəki azalmanın Rusiya ilə bağlı olmasını rəsmi rəqəmlər də göstərir. 2022-ci ildə Rusiyadan Azərbaycana 3 milyard dollara yaxın vəsait daxil olduğu halda, 2023-cü ildə bu rəqəm 1 milyard dollara düşüb. Azalma 2024-cü ildə də davam edir. Rusiyanın hələ də Azərbaycana ən çox pul göndərilən ünvan olduğu bildirilir.
Rusiyanın yerini Şərqi Avropanın bəzi ölkələri tutmağa çalışır. Məsələn, Polşada rəsmi iş icazəsi ilə çalışan azərbaycanlıların sayı sürətlə artır. Onların vətənə pul köçürmələrinin həcmi də eyni sürətlə böyüyür. Əlbəttə, hələlik milyonlardan söhbət gedir. Amma bir il ərzində 50 faizə qədər böyümə çox şeydən xəbər verir.
Baltikyanı ölkələrlə bağlı da oxşar vəziyyətdir. Litva və Latviyaya iş üçün üz tutan Azərbaycan vətəndaşlarının sayı sürətlə artır. Pul köçürmələrində bu məqam özünü aşkar göstərir.
Ümumiyyətlə, Ukrayna müharibəsi davam etdikcə Rusiyadan pul köçürmələrinin həcmi daha da azalacaq. Polşanın payının isə yalnız artacağını proqnozlaşdırmaq olar. Çünki bu ölkənin Azərbaycandakı konsulluğu ən çox müraciət edilənlər sırasında liderlərdən sayılır. Azərbaycanlılar sənədləri təqdim etmək üçün aylarla növbə gözləyir. Polşaya axın böyükdür. Sözsüz ki, zamanla oradan Azərbaycana pul köçürmələrinin həcmi də artacaq.
Aytən, Bizimyol.info






