ABŞ-ın təyyarə istehsalçısı “Boeing” iki “737 Max” tipli sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı məhkəmə çəkişmələrindən yayınmaq üçün 243,6 milyon dollar ödəməyə razılaşıb.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi 2019-cu ilin martında Efiopiyada və 2018-ci ilin oktyabrında İndoneziyada 346 nəfərin ölümü ilə nəticələnən “737 Max” tipli iki təyyarənin qəzaya uğraması ilə bağlı “Boeing” şirkəti ilə razılığa gəldiyini açıqlayıb.
Müqaviləyə əsasən, müstəqil auditorlar “Boeing”in təhlükəsizlik və keyfiyyət prosedurlarını 3 il ərzində yoxlayacaq, həmçinin şirkət 243,6 milyon dollar cərimə ödəyəcək, aviaşirkət uyğunluq və təhlükəsizlik proqramları üçün ən azı 455 milyon dollar ayıracaq.
Adının açıqlanmasını istəməyən Ədliyyə Nazirliyinin rəsmisi müqavilənin yalnız “Boeing”in Efiopiya və İndoneziyadakı qəzalardan əvvəl səhvlərini əhatə etdiyini, 5 yanvar 2024-cü ildə “737 Max”in təcili enişinin müqaviləyə daxil olmadığını qeyd edib.
Ədliyyə Nazirliyi “Boeing” ilə əldə etdikləri razılaşmanın iyulun 19-na qədər Texas məhkəməsinə təqdim ediləcəyini açıqlasa da, iki qəzada həyatını itirənlərin ailələri razılaşmanın rədd edilməsi üçün müraciət edəcəklərini açıqladı.
Efiopiyada baş verən qəzada iki oğlunu itirən İke Riffel, “Boeing” səlahiyyətlilərinin də cəzalandırılması lazım olduğunu bildirərək: ““Boeing” dəfələrlə cərimə ödədi və bu heç bir dəyişiklik gətirmədi”, - deyərək müqaviləni dayandırmağı tələb edib.
İndoneziyanın “Lion Airlines” aviaşirkətinə məxsus “JT 610” reys nömrəli “Boeing 737 Max 8” tipli təyyarə 2018-ci il oktyabrın 29-da Cakartadan Sumatra adasındakı Panqkal Pinanq şəhərinə qalxdıqdan qısa müddət sonra dənizə düşüb. 189 nəfərin həyatını itirdiyi qəza “bu tip təyyarələrin ilk qəzası” kimi tarixə düşüb.
10 mart 2019-cu ildə Efiopiya Hava Yollarına məxsus “Boeing 737 Max 8” tipli sərnişin təyyarəsi Əddis-Əbəbədən Keniyanın paytaxtı Nayrobiyə qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb və göyərtəsində olan 157 nəfərin hamısı həlak olub. Efiopiyada baş verən qəzadan sonra Türkiyə, Çin, Efiopiya, İngiltərə, Almaniya, Fransa, Hollandiya və Avstriya kimi bir çox ölkə “Boeing 737 Max” tipli təyyarələrin fəaliyyətini müvəqqəti olaraq dayandıraraq, hava məkanlarını bu uçuşlar üçün bağlayıb.
Müəyyən edilib ki, hər iki qəzaya təyyarənin hündürlük bucağını tənzimləyən sensorlar arasında məlumat uyğunsuzluğu səbəb olub.
“Boeing” 2021-ci ildə ABŞ Ədliyyə Departamenti ilə analoji razılaşma əldə edərək, şirkətin Federal Aviasiya Administrasiyasının (FAA) rəsmiləri tərəfindən yoxlanılmasına və 2,5 milyard dollar təzminat və cərimə ödəməsinə razılaşıb.
Federal prokurorlar “Boeing”i 2018 və 2019-cu illərdəki qəzalarda təsirli olduğu düşünülən uçuş idarəetmə sistemi ilə bağlı şirkəti təftiş edən FAA rəsmilərini çaşdırmaqda, hökuməti aldatmaqda və sözügedən müqaviləni pozmaqda ittiham etmişdilər.
Qadir, Bizimyol.info






