Süni intellekti əminliklə dünyanın gələcəyi adlandırmaq olar. Yaradıcı zəka formatı zamanla bütün sahələrində özünü göstərməyə başlayır. Süni intellekt insanların çox işinə yarayır. Hətta bəzən gələcəkdə işimizi əlimizdən alacağı təhlükəsi də hiss edirik. Çünki mükəmməl nəticələr ortaya qoyulur. Bəzən sosial platformalarda diqqət çəkir, insanlar qarpız seçəndə də süni intellektin xidmətinə müraciət edir. Texnologiyanın sürətli inkişafı, sənayelərin böyüməsi bu məsələyə həssas yanaşmağın vacibliyini göstərir. Azərbaycanda süni intellekt barədə danışılsa da, bu sahənin inkişafı ləng gedir. Sanki tısbağa yerişi ilə gələcəyə çatmağa çalışırıq.
Bizimyol.info xəbər verir ki, dünyanın müxtəlif ölkələrində süni intellektə yanaşma başqadır. Bəşəriyyətin nəzərəçarpan hissəsi kompüterlərin insan beyni kimi fəaliyyət göstərməsinə imkan verən məfhumun mürəkkəb innovativ texnologiyasının sosial həyatda ayrı-ayrı sferalara inteqrasiya edərək ümumi inkişafda vacib rol oynaya biləcəyini yaxşı anlayır. Bu məqamda süni intellekt üzrə mütəxəssislərin hazırlanması çox əhəmiyyətli mərhələdir. Biz bu mərhələyə qədəm qoya bilməmişik. Atılan kiçik addımlar nə qədər ləng davrandığımızı göstərir.
Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz də fərqli düşünmür. Onun fikrincə, süni intellektin həm inkişaf etdirilməsi, həm də tətbiqində çox ləngiyirik. O, Qazaxıstanı nümunə göstərir.
“Elə bu il Qazaxıstanda İrbisGPT - süni intellekt əsaslı ilk Milli Dil Modeli yaradıblar. Platforma qazax dilində olan data və açıq kod əsasında, ictimai əsaslarla formalaşıb. Bu da o deməkdir ki, hər istifadəçi bu modelin təkmilləşdirilməsinə töhfə verə biləcək. Məqsəd qazax dilinin texnologiyar sahəsinə, rəqəmsallaşma proseslərinə daha dərin inteqrasiyasına nail olmaqdır. Modelin işlənməsi üçün ilkin olaraq açıq mənbələrdə olan 20 Gb datadan istifadə edilib. Bir müddət öncə Qazaxıstanda süni intellekt sahəsinin inkişafı üçün “Presight Aİ Ltd” və Birləşmiş Ərəb Əmirlikləri arasında superkompüter mərkəzinin və Data Mərkəzin qurulması ilə bağlı anlaşma da baş tutub”.
Osman Gündüz Azərbaycanda bir neçə il əvvəl hökumətin dəstəyi ilə “Dilmanc” layihəsi çərçivəsində uğurlu işlərin olmasını xatırlayır. Amma ekspert layihə çərçivəsində formalaşan milli korpusun hamı üçün əlçatan olmadığını deyir.
Osman Gündüz Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məsuliyyətin vacibliyini anlamalı olduğunu bildirir. Yəni böyük resurslar ayrılmalıdır. Gələcəyə hesablanmış addımlar atılmalıdır və iddi konsepsiya ortaya qoyulmalıdır.
Aytən, Bizimyol.info






