Hələ 2019-cu ilin avqustunda “Cable”nin araşdırmasında Azərbaycanın internet sürətinə görə dünyanın ilk 100 ölkəsi sırasına düşməməsi o vaxt Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini qəzəbləndirmişdi. Nazirlik Böyük Britaniya şirkətinin yaydığı cədvəldəki mövqeyə etirazını bildirmişdi. Deyilirdi ki, cədvəl subyektiv rəylə formalaşıb. Guya ölkədə genişzolaqlı internetlə bağlı böyük işlər görülüb, layihə həyata keçirilib. Üstündən beş ilə yaxın vaxt keçəndən sonra məlum olur ki, Azərbaycan bu illər ərzində yerində sayıb. İndi başqa bir hesabat 116-cı yerdə olduğumuzu ortaya qoyub.
Bizimyol.info xəbər verir ki, “Speedtest”in hesabatı mənzərənin acınacaqlı olmasını bir daha göstərir. Genişzolaqlı internet imkanlarına görə bir sıra Afrika ölkəsindən geri qalırıq. Konqoda, Qabonda, Seyşel adalarında, Konqo Demokratik Respublikasında, Mavrikidə vəziyyət daha yaxşıdır. Başqa qitə dövlətlərindən Banqladeş, Panama, Moldova, Barbados, Qrenada, Qayana, Monqolustan, Nikaraqua, Kamboca bizdən irəlidə mövqe qazana bilib. Uzağı internetimizin sürətinin Cibutidən nisbətən yaxşı olması ilə qürrələnə bilərik.
Sizə maraqlı olar deyə yazaq: cədvələ Sinqapur başçılıq edir. İlk 10-luğa Honkonq, Çili, BƏƏ, İslandiya, ABŞ, Fransa, Tailand, Danimarka və Çin də daxildir. İsveçrə, Kanada, Yaponiya, Niderland kimi inkişaf etmiş ölkələr də cədvəlin üst hissəsində görünür.
Bizim mobil internetlə bağlı durum daha qənaətbəxşdir. Hər halda ilk 100-lüyə düşə bilirik.
Mütəxəssislər hesab edir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bir sıra məsələyə aydınlıq gətirməlidir. Yeni nazirlik də sələfi kimi ittihamları qəbul etmir. Ölkədə internetin səviyyəsinin yaxşı olduğu deyilir. Halbuki cavabını gözləyən suallar çoxdur.
Ondan başlayaq ki, ölkəyə daxil olan internet trafikinin həcmi ilə bağlı geniş məlumat almaq olmur. Həmin trafikin necə paylanması dəqiq bilinmir, bu haqda danışılmır. Ölkəyə gətirilən internetin satışı barədə nüanslar şəffaf şəkildə açıqlanmır.
İnhisar da öz işini görür. Əsas provayderlər bazarı inkişaf etdirmək üçün qiymətləri aşağı salmaq istəyəndə dövlət nəzarətində olan provayderlər təşəbbüsə imkan vermir. Yüksəksürətli internet istifadəçilərinin sayının necə dəyişməsini də bilmirik. Ümumiyyətlə, say artıbmı? Böyük ehtimalla yox. Bu sektorda çox iş görülməlidir. Hər şeydən əvvəl inhisara son qoyulmalıdır. İnfrastruktur yaxşılaşdırılmalıdır. Qiymətlər enməlidir. Məsələn, son vaxtlar xüsusilə mobil internetin bahalaşdığını müşahidə edirik. Bölgələrdə yüksəksürətli internetin inkişafına investisiya qoyulmalıdır. İnternetin inkişafı ilə bağlı ayrılan dövlət resurslarından səmərəli və effektiv istifadə edilməlidir. Görüləcək işləri yazmaqla bitmir. Çünki illərdir yerimizdə saymışıq.
Aytən, Bizimyol.info






