Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistan soyqırım aktları, terrorçuluq fəaliyyətinə və vandalizmə görə hüquqi müstəvidə cəzalandırılmalıdır"
"Ermənistan soyqırım aktları, terrorçuluq fəaliyyətinə və vandalizmə görə hüquqi müstəvidə cəzalandırılmalıdır"

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, Dövlət Komissiyasında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş vətəndaşların sayı 3928 nəfərdir. Bu barədə yerli mətbuata Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov danışıb. O, qeyd edib ki, Dövlət Komissiyasının əvvəlki statistikasına görə Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin sayı 3890 nəfər idisə, hazırkı statistikaya əsasən bu say artıq 3920 nəfərdir. İsmayıl Axundovun sözlərinə görə, Vətən müharibəsi dövründə 6 hərbçimiz, Vətən müharibəsindən sonra 2022-ci ilin mart ayında Azərbaycan Ordusunun 2 əsgəri Laçın rayonu ərazisində hava şəraitinin kəskin dəyişməsi şəraitində itkin düşüblər.

Milli Məclisin deputatı Müşfiq Cəfərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərib. 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycan tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları, terror əməlləri ilə başlamış bu münaqişə Azərbaycana qarşı hərbi təcavüzlə nəticələndi.

Müşfiq Cəfərov Müşfiq Cəfərov

Deputat vurğulayıb ki, 90-cı illərdə Ermənistan silahlı qüvvələri işğal etdikləri rayon və şəhərlərdə hərbi və mülki şəxslər arasında heç bir fərq qoymadan dinc azərbaycanlı əhalini amansızlıqla qətlə yetirirdi. Bu dövrdə Ermənistanın hərbi-siyasi rəhbərliyi Əsgəranın Meşəli kəndində, Şuşanın Malıbəyli və Quşçular kəndlərində, Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində, eləcə də digər yerlərdə dinc əhalinin amansız şəkildə sistematik və kütləvi qırğınını, soyqırımını törətməklə, Dağlıq Qarabağda yaşayan azərbaycanlı mülki əhalinin bir hissəsini fiziki cəhətdən məhv etmək, qalan hissəsinin isə müqavimət əzmini qırıb regionu onlardan təmizləmək məqsədi güdürdü.

“Bu proses 30 illik işğalla nəticələndi. İşğal dövründə Ermənistan Azərbaycan torpaqlarında milli-mədəni irsi talayıb və məhv edib, şəhərləri və digər yaşayış məntəqələrini dağıdıb və bölgəyə ağır ekoloji ziyan vurub. Azərbaycan torpaqlarında yüzminlərlə minalar, partlayıcı maddələr basdırılıb. Hətta postmüharibə zamanı da sivil insanlar bu minaların qurbanı olub”-deyən deputat əlavə edib ki, Ermənistan münaqişə dövründə Azərbaycana qarşı törətdiyi çoxsaylı müharibə cinayətlərinə, kütləvi qırğın və soyqırımı aktlarına, terrorçuluq fəaliyyətinə və vandalizmə görə hüquqi müstəvidə cavab verməlidir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »