"Bu gün əhalinin işğaldan azad edilən torpaqlara yerli əhalinin geri qaytarılması prosesi həyata keçirilir. Şəhərlər yenidən tikilir, bərpa edilir. Bu gün əvvəllər həmin ərazilərdə yaşamış insanlara da demək lazımdır ki, "gedin, evinizi bərpa edin". Məsələn, bizim kəndimizdə 800-ə yaxın adam vardı. 100-dən çox ev vardı. İndi həmin kəndi başqa bir kəndə birləşdirmək istəyirlər. Bu, necə ola bilər? O kəndin əhalisi necə olacaq, o kəndin kənd təsərrüfatı ilə kim məşğul olacaq? İşğaldan əvvəl Kəlbəcərdə hamı heyvandarlıqla, kənd təsərrüfatı ilə məşğul idi".
Bu barədə Bizimyol.info xəbər portalına yazıçı, publisist Əlövsət Ağalarov danışıb. Əlövsət Ağalarov qeyd edib ki, hələ işğaldan azad edilən bölgələrimizə gedən yollar hələ tam hazır deyil.

“İnsanlara şərait yaratmaq lazımdır. Onları köçürmək, məskunlaşdırmaq lazımdır. Bu camaat orada məskunlaşmalıdır ki, Ağdaban faciəsi, Xocalı faciəsi, Kəlbəcər müsibəti bir də bu xalqın başına gəlməsin.
Təbii ki, ordumuz güclüdür, böyük qüdrətli ordumuz var. Azərbaycan dünyanın bütün orduları ilə müqayisə olunacaq səviyyədədir. Hərbi texnikamız, hərbi gücümüz var. Bununla yanaşı, əhalinin güclü olmasa, ordunun da gücü çatmayacaq. Yerli əhali orada orduya və dövlətə dəstək olmalıdır.
Siz təsəvvür edin ki, mən 3 il Kəlbəcərə dəfələrlə gedib gəldim. Hər yay xeyli biz orada olduq. Mən hər bir hərbi hissəyə gedirdim. Görürdüm ki, fermerlər öz mal-qarasını kəsib gətirib. Bu gün artıq bu şəraiti yaratmaq lazımdır ki, ordu-xalq birliyi olsun. Ordunun yanında əhali olmalıdır və kömək etməlidirlər ki, bu faciələr təkrar olunmasın”-deyə Əlövsət Ağalarov qeyd edib.
Hazırda Əlövsət Ağalarovu narahat edən əsas problem əhalininin əraziyə buraxılmaması və kəndlərin birlşdirilməsi məsələsdir.
“Müxtəlif təşkilatlar həmin ərazilərdə fəaliyyət göstərir. Amma bu təşkilatlar bölgəni bilmir. Onlar bölgəni bilmək üçün azı 20 il orada olmalıdırlar. Bu torpaqlarda əhalinin necə məskunlaşmasını, məşğuliyyətini, hansı vəsaitlə dolanmalarını bilmək lazımdır”-deyən Ağalarov hesab edir ki, işğaldan azad ediləın torpaqlarda məskunlaşma ləng gedir. Burada birinci problem yol məsələsidir.
“Kəlbəcərə yol çəkilir. Hesab edirəm ki, gələcəkdə dünyanın ən gözəl yolu Kəlbəcər yolu olacaq. Həm Murovdağdan, həm də Ağdərədən gedən yol çox gözəl yoldur. Eyni zaman da fermerlərə, kənd təsərrüfatı ilə məşğul olan adamlara şərait yaratmaq lazımdır. Onları cəlb etmək lazımdır.Bu bölgələrin yenidən bərpası üçün orada yaşamı insanların təıcrübəsinə də üstünlük vermək lazımdır”-deyə Əlövsət Ağalarov qeyd edib.
İradə Cəlil, Bizimyol.info






