"Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-800" tipli təyyarənin mühərrik qapağı havaya qalxarkən açılıb. Dəhşət anları sərnişinlərin kameralarına düşüb.
Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, ABŞ-ın Denver şəhərindən uçan "Southwest Airlines"a məxsus 3695 saylı reysi uçuş zamanı yaranan problem səbəbindən geri dönüb.
Təyyarənin geri qayıtmasına səbəb uçuş zamanı mühərrik qapağının açılaraq sınması olub. ABŞ Federal Aviasiya Administrasiyası (FAA) uçuşla bağlı araşdırma aparıb. Dəhşətli anlar sərnişinin kamerasına da düşüb.
Mövzu ilə bağlı danışan FAA rəsmisi: "3695 saylı hava xətti ilə uçan "Southwest Airlines"ə məxsus təyyarənin uçuş zamanı mühərrik qapağının açılaraq qırılması aileronlara ilişməsindən sonra, 7 aprel bazar günü saat 8:15-də təhlükəsiz şəkildə Denver Beynəlxalq Hava Limanına qayıdıb. "Boeing 737-800" təmirə göndərilib. Təyyarə Hyustondakı Uilliam P. Hobby hava limanına uçurdu. FAA vəziyyəti nəzərdən keçirəcək", - deyə qeyd edib.
Mühərrik örtükləri təyyarə mühərrikini qoruyan komponent kimi tanınır və ümumiyyətlə metal və ya kompozit materialdan hazırlanır. Onlar həmçinin sürtünməni azaltmaqla nəqliyyat vasitələrinin sürətini artıra bilirlər. O, həm də mühərrikin soyudulmasında və mühərrik idarəetmə elementlərinin qorunmasında mühüm rol oynayır.
"Washington Post"un məlumatına görə, təyyarədə 135 sərnişin, iki körpə uşaq və altı nəfərlik ekipaj olub. "Southwest Airlines", təyyarədə "mexaniki problem" olduğunu bildirərək, sərnişinlərin 3 saatlıq gecikmə ilə Hyustona çatdırıldığını açıqlayıb.
Hadisənin mərkəzində olan "Boeing 737-800" modelinin 2015-ci ildə istehsal edildiyi bildirilir. Bu hadisə ilə "Boeing"in daha çox təzyiq altında olacağı düşünülür.
Qadir, Bizimyol.info






