Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Görüşdük nə çətin, ayrıldıq nə asan"... Boşanma sürəti artıb, evlənmə sayı azalıb, ailə institutu "sarsılıb"
"Görüşdük nə çətin, ayrıldıq nə asan"... Boşanma sürəti artıb, evlənmə sayı azalıb, ailə institutu "sarsılıb"

Azərbaycan məhkəmələrində mülki qaydada baxılan işlərin böyük əksəriyyəti boşanmalarla bağlıdır. Bura nikahın pozulması, aliment, ər-arvad arasında əmlak bölgüsü, uşaqla ünsiyyət, digər valideynin razılığı olmadan uşağın ölkədən çıxarılması kimi boşanmalardan doğan mülki mübahisələr daxildir.

Bizimyol.info xəbər verir ki, Azərbaycanda boşanmaların sayı sürətlə artır. Eyni zamanda nikahların sayında da azalma var. Yanvar statistikası ölkədə ailə institutunun daha çox sarsıldığını göstərir.

İlin ilk ayında 3657 nikah rəsmiləşib. Əvəzində 1729 cütlüyün boşanması qeydə alınıb. İlk baxışdan rəqəmlər adama heç nə demir. Nikahların sayı boşanmalardan təxminən iki dəfə çoxdur. Amma əvvəlki illərlə müqayisə məsələnin mahiyyətini ortaya qoyur. Proses düşündüyümüzdən də sürətli gedir.

Boşanmalar sürətini azaltmayıb. İnsanlar daha az nikaha girməyə başlayıb. Əvvəlki illərlə paralellər aparmaq bizə bunu sübut etməyə yardımçı olacaq. Təkcə ötən illə müqayisə etmək yetər.

2023-cü ildə 54 mindən bir az çox nikah qeydə alınmışdı. Yəni orta hesabla aya 4500 nikah düşürdü. Gördüyünüz kimi, aşkar azalma var. İlin ilk ayında evlilik yolunda çox az addım atılıb.

Boşanmalarla bağlı statistika da az şey demir. Keçən il 21688 boşanma qeydə alınmışdı. Yanvarda 1729 belə hal yaşanıb. Bu gedişlə ilin sonuna boşanmaların sayı 20 mini aşacaq. Deməli, məsələnin mürəkkəbliyi yerində qalır.

Cəmiyyət, adətən, boşanmaların sayının artmasına kəskin reaksiya verir. İnsanlar bunu faciə kimi qəbul edir. Yanvar statistikası gənclərin evlənə bilməməsini və ya istəməməsini ortaya qoyur.

Mütəxəssislər deyir ki, əsas səbəb işsizlikdir. İşi olmayan şəxslər nikaha girməməyə üstünlük verir. Çünki gələcəyə zəmanət qalmayıb. Hökumət də öz üzərinə sosial məsuliyyət götürmək istəmir. Gənclər meydanda tək qalır, kürəyini söykəyə biləcəyi dövləti hiss etmir. Təsadüfi deyil ki, ölkəni daha çox gənc nəsil tərk edir. Onlar gələcəyini bu ölkədə görmür.

Statistika başqa mənzərə ortaya qoya bilməzdi. Ötən sentyabrda əvvəlki illə müqayisədə təhsilə başyacaq uşaqların sayı proqnozlaşdırılandan 29 min nəfər az olub. Görün ki, hansı böhranla üz-üzəyik. Lazımi qayğının olmaması insanları böyük məsuliyyətin altına çiynini verməkdən çəkindirir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »