Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağrının qürurlu paytaxtı
Ağrının qürurlu paytaxtı

Alqoloji təbabət ağrı mərkəzlərinə yönəlib. Ağrıdan ağrıya fərq var. Xroniki ağrının özü də, müalicəsi də uzun çəkir. Ancaq elə ağrılar da var, heç vaxt insandan əl çəkmir.

İtirdiyimiz doğmaların ağrısı məgər unudulur ki?! Yox, heç vaxt!

Zamanla xəfifləyər. Alışarsan bu ağrıya. Ancaq sızıltısı qalar. Elə yara var ağrıdar, incidər. Eləsi də var, göynədər. Nə ölən kimi ölər insan, nə dirilən kimi dirilər. Yer ilə Göy arasında öz ağrısından asılıb qalar insan.

Ata-analar öz övladlarına ya çox, ya da az-çox maddi miras - pul, əmlak, qiymətli daşlar... qoyub gedir, ya da ona heç nə buraxmadan gedir. Ancaq istənilən halda, genetik sağlamlıq və ya genetik xəstəliklər ötürür. Bugünkü biz - həm də bizdən öncəki, həm də bizdən sonrakı bizik; başlanğıcımız necədirsə, davamımız da elə gələcək.

Xocalıda yaşadığımız (daha doğrusu, uşaqlı-böyüklü, qocalı-cavanlı, kişili qadınlı - hamılıqla "öldürüldüyümüz") tarix heç zaman yaddan çıxa bilməz. O tarix nə zaman yadımızdan çıxsa, o an hamılıqla bir-birimizə yadlaşarıq. Ona görə də hətta ən mükəmməl alqologiya belə bu xroniki ağrını unutduran deyil. Yaponlar Xirosimanı, yaxud yəhudilər Xolokostu unutmadığı kimi. Sən şəxsi fiziki ağrını unudarsan bəlkə. Unudarsan və xoşbəxt olarsan. Ancaq milli və bəşəri ağrılar unudulsa, hamılıqla bədbəxt olarıq, elə deyilmi?! Bu ağrılar sinirlərdən gələn fizioloji siqnallar deyil. Bu ağrılar - tarixi gələcək üçün dərslərdir. Biz 32 il əvvəl millət olaraq, Xocalıda ağır yara aldıq. Həm də ölümcül yara. Ancaq onillər keçməsinə rəğmən bu yaradan sınıb, çilik-çilik olub dağılmadıq. Əksinə ağrımızla yaşadıq. Ağrımıza öyrəşdik və ağrımızdan ayağa qalxmağı öyrəndik. Ağrımızdan dərs aldıq, güc aldıq. Bu gücü cəmləşdirib Xocalının qisasını aldıq. Qisas qiyamətə qalmaz. Xocalı kimi yaraların qisasını qiyamətə saxladınsa, o gün sənin üçün Qiyamət başlar. Biz bunu etmədik. Xocalını unutmağı düşünmədik, Xocalını düşünməyi unutmadıq. Və Xocalı adlı torpaq və tarix parçası ilə birlikdə Yer kürəsi üzərində - bu torpaqların üstündə, bu Göy nahiyyəsinin altında yaşamaq haqqımızı geri aldıq.

Odur ki, indi tarixi qələbədən sonra bu günün ikili anlamı var: unudulmaz ağrı və misilsiz qürur!

Soruşa bilərsiniz: "Xocalı qurbanları üçün ağlamayaqmı bundan sonra?!"

Yox, ağlamağı kimsə qadağa edə bilməz. Ömürlük yara varsa, hamımızı ağrıdacaq. Kimisə aşkar, kimisə için-için ağladacaq. Ancaq eyni zamanda biz bu günü təkcə milli faciə kimi deyil, həm də milli, hətta bəşəri qələbə kimi kimi yadda saxlayaq və yaşadaq. Çünki tarix boyu dünyanın çox yerində çox millətlərə qarşı soyqırımlar olub. Ancaq bunların qisasının alınması tarixdə nadir hallardır. Yapon kimi xalq Xirosimanın qisasını ala bilmədi. Polyaklar Katının bədəlini ödətdirə bilmədi. Qərbi Ukrayna "Qolodomor"una görə ruslar hələ ki cəzasız qaldı. Üstəlik İrpen, Buça...

Əlcəzairlilər bir milyondan çox soydaşının qətliamına görə fransızları cəzalandıra bilmədi... Ancaq biz Xocalının intiqamını aldıq.

Bu, kiçik adamlara kiçik görünə bilər. Böyük ürəklər üçün böyük hadisədir.

Daha əvvəl də dediyim kimi: biz özümüzü kiçik görsək, daha da kiçilərik. Özümüzü özümüz boyda - olduğumuz kimi görə bilmək üçün Xocalı faciəsi və Xocalı qələbəsi kimi iki güzgümüz var. Birinə baxıb ağrıyanda, o birinə gülümsəyəcəyik...

Xocalı ağrılarımızın əsir şəhəri deyil artıq. Xocalı - ağrılarımızın qürurlu paytaxtıdır...

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »