Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnsanların bu ölkədə evlənməyə, uşaq dünyaya gətirməyə həvəsi azalır... Ölkədə toy "biznes"i çökür
İnsanların bu ölkədə evlənməyə, uşaq dünyaya gətirməyə həvəsi azalır... Ölkədə toy "biznes"i çökür

Pandemiyadan sonra ölkədə həm iqtisadi, həm də sosial müstəvidə başqa mənzərə yarandı. Sanki ölkə özünə gələ bilmədi. Ərzaq qiymətləri kəskin artdı, məvaciblər xeyli cılız görünməyə başladı. Neft sektorunda işlər cığırdan çıxır. Daha bu sahəyə güvənib perspektivlə bağlı inamlı danışmaq olmur. Həm insanların sosial vəziyyəti pisləşib, həm də dövlətin iqtisadi gücü azalıb.

Bizimyol.info xəbər verir ki, Azərbaycanda toy biznesi çökür. Satışa çıxarılan şadlıq saraylarının sayı artıb. Mərasim evlərinə çevrilənləri az deyil. Sözsüz ki, ən əsas səbəb nikahların, dolayısı ilə toyların sayının azalmasıdır. 2023-cü ildə 54,2 min nikah qeydə alınıb. Bu, əvvəlki illə müqayisədə 12,5 faiz azalma anlamına gəlir. Boşanmaların sayında isə 36 faizə qədər artım müşahidə edilib.

Başqa bir kritik məsələ doğumların sayının azalmasıdır. Nikahların sayının azalması bu məsələyə təsirsiz ötüşə bilməzdi. Məlum məsələdir ki, Azərbaycanda uşaqların əksəri nikah çərçivəsində doğulur. Amma işin digər tərəfi insanların uşaq sayının artırılmasına maraq göstərməməsidir. Heç şübhəsiz, burada sosial amillər özünü göstərib.

Pandemiyanın tüğyan etdiyi 2020-ci ili saymasaq, axırıncı dəfə bu qədər az nikah 2002-ci ildə qeydə alınmışdı. Yəni son 20 ilin ən aşağı göstəricisi rəsmiləşib. 2020-ci ili ona görə saymamalıyıq ki, rəsmi şəkildə toylara icazə verilmirdi. Sonradan belə tədbirlərin yalnız məhdud sayda qonaqla həyata keçirilməsinə yaşıl işıq yandırıldı.

Doğulanların sayında da 2002-ci ildən sonra ən aşağı göstərici gözə dəyir. Hətta pandemiyanın başladığı ildə də vəziyyət belə olmayıb.

Fikir verirsinizsə, ölkədə, cəmiyyətdə müsbət tendensiyalar çox nəzərə çarpmır. Çünki ölkə insanının sabaha böyük ümidləri yoxdur. İnsanların bu ölkədə evlənməyə, uşaq dünyaya gətirməyə həvəsi azalır. Yaxşı gələcəyə zəmanət görmürlər. Bu şəraitdə toy biznesi də çiçəklənə bilməz, əksinə, tənəzzül yaşayar. Ayağı yer tutanlar vətəndən qaçır. İnsanların xoşbəxtliyini başqa yerdə axtarır. Heç nə yaxşılığa doğru getmir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »