Çinin Tsinghua Universitetinin beynəlxalq tədqiqat qrupu indiyə qədər müşahidə edilən ən kiçik ulduzu kəşf etdiklərini açıqlayıb. "TMTS J0526B" adlanan bu ulduz Yerdən cəmi 7 dəfə böyükdür.
Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, aramsız davam edən kosmos araşdırmaları hər gün kainatın dərinlikləri ilə bağlı yeni kəşflər etməyə imkan verir. Bu yaxınlarda dərc edilən yeni araşdırma indiyə qədər müşahidə edilən ən kiçik ulduzun elm adamları tərəfindən kəşf edildiyini göstərir.
"TMTS J0526B" adlanan bu "alt cırtdan" tipli ulduz Çinin Tsinghua Universitetinin beynəlxalq tədqiqat qrupu tərəfindən kəşf edilib. Tapıntılar Nature Astronomy jurnalında dərc olunub.
Çin, Avstraliya, ABŞ və Avropadan olan alimlər qrupu tərəfindən kəşf edilən "TMTS J0526B" ikili ulduz sisteminin bir hissəsidir. Tsinghua Universitetinin "Ma Huateng" Sorğu Teleskopu (TMTS) vasitəsilə tapılan bu alt cırtdan Yerdən 2760 işıq ili uzaqdadır.
Onun ölçüsü ulduzlarla müqayisədə həqiqətən kiçikdir. Araşdırmaya görə, "TMTS J0526B" Yerdən cəmi 7 dəfə böyük, Yupiter və Saturndan kiçikdir. Tədqiqatçılar əlavə edirlər ki, o, Günəşin üçdə bir kütləsinə malikdir və 2000 dərəcə Selsi səthinin temperaturunda heliumu yandırır.
"J0526B"-nin ikili ulduz sisteminin bir hissəsi olduğunu söylədik. Bu sistemin başqa bir üzvü "J0526A" adlı daha böyük ağ cırtdandır. İki ulduz hər 20 dəqiqədən bir bir-birinin ətrafında fırlanır. Maraqlısı odur ki, alimlər "J0526A"nı birbaşa müşahidə edə bilmirlər. Lakin onlar açıqlamalarında "J0526B"də cazibə qüvvəsinin təsiri sayəsində bu böyük ulduzun orada olduğunu bildiriblər. Hətta deyilir ki, bu cazibə o qədər güclüdür ki, "J0526B"nin yumurtaya bənzər bir forma almasına səbəb olur.
Alimlər bu kəşfin kainatda qaynar alt cırtdan ulduzların əmələ gəlməsi ilə bağlı yeni məlumatlara işıq salacağını düşünürlər.
Onlar həmçinin əlavə edirlər ki, bu ulduz Çin tədqiqatçılarının ikili sistemlərdə belə kiçik ulduzlar haqqında 20 il əvvəl verdiyi proqnozlara uyğun gəlir. Həmin tədqiqatçılar "J0526B" kimi kiçik ulduzların ikili sistemlər daxilində kütləvi dəyişikliklər nəticəsində yarana biləcəyini proqnozlaşdırdılar.
"J0526B"dən əvvəlki ən kiçik ulduz, Yerdən 600 işıq ili uzaqda yerləşən "EBLM J0555-57Ab" idi. 2017-ci ildə nəşr olunan və Kembric Universitetinin rəhbərlik etdiyi bir araşdırmada elan edilən bu kiçik qırmızı cırtdan Saturndan bir qədər böyük idi.
Qadir, Bizimyol.info






