Ermənistan növbəti dəfə təxribatçı hərəkətlərə yol verərək, sülh müqaviləsinin imzalanmasını yubatmağa çalışır. Belə ki, fevralın 12-də bu ölkənin silahlı qüvvələrinin hərbi təxribatı nəticəsində Azərbaycanın Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb. Görünən odur ki, Ermənistan bu kimi addımlar atmaqla yeni bir gündəm yaratmağa və yenidən Azərbaycanı ittihma etməyə çalışır. Amma Azərbaycan artıq qalib ölkədir və bu qalibiyyəti heç nə sarsıda bilməz.
Milli Məclisin deputatı Arzu Nağıyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistan tərəfdən atəşkəsin pozulması Ermənistan Müdafiə Nazirliyinin özü tərəfindən də dolayı yolla təsdiqini tapır. Guya ki, verilən əmirə zidd olaraq, atəş açan hərbçilərin bu proseslərdə iştirakı sübut olunarsa mütləq onları cəza gözləyir. Bu DA artıq sübutdur ki, həqiqətən onlar təxribata yol verib və atəşkəsi pozub.
Arzu Nağıyev“Müxtəlif istiqamətlərdə istər Zəngilan istiqamətində, istər Tovuz istiqamətində bu təxribatın törədilməsi bir daha göstərir ki, sərhəddə baş verən hadisələr birbaşa, yəni vaxtı ilə SSRİ-nin dövlət sərhəddi olan Tovuz və Zəngilan istiqamətində baş verir. Yəni bu, artıq sərhəddin pozulması və dövlət sərhədində atəşkəsin pozulması kimi dəyərləndirilməlidir”-deyən deputatın fikrincə, bunun da bir neçə səbəbi var. Belə ki, son vaxtlar Rusiya Xarici İşlər Naziri Qaluzinin Qarabağa erməniləri qaytarmaqla onların təhlükəsizliyini təminat verəcəyi kimi bəyanat, eyni zamanda Azərbaycandakı səfir Mixail Yevdokimovun “Qarabağ məsələsi artıq bitib” fikri və s. bu kimi fikirlərin də təsiri mütləq şəkildə var.
Deputat vurğulayıb ki, Ermənistandakı istər iqtidar, istər müxalif qüvvələri nəyin bahasına olursa olsun, bu və ya digər şəkildə Rusiyanın regionda rolunun azalmasını istəyirlər.
“Bunu havadarları da, Qərb də istəyir. Əgər doğurdan da bu atəşkəs belə pozulursa, o zaman vaxtı ilə gətirilmiş o vizual kəşfiyatçı kimi fəaliyyət göstərən, Fransa və digər Qərb dövlətlərinin nümayəndələri niyə bu məsələdə susur və bununla bağlı müvafiq açıqlamalar vermir? Yəni bu düşünülmüş məsələdir ki, məhz sülh müqaviləsinin imzalanması gecikdirilsin və status-kvo qalsın”-deyə deputat əlavə edib.
Arzu Nağıyevin fikrincə, son vaxtlar Paşinyanın və onların xarici işlər nazirliyinin verdiyi absurd bəyanatların hamısı bir daha göstərir ki, bu və ya digər şəkildə sülh müqaviləsinin imzalanması gecikdirilsin. Yəni hamı istər Qərb, istər Rusiya çalışır ki, məhz burada vasitəçi rolunu öz missiyası kimi qəbul etsinlər və burada iştirak etsinlər. Eyni zamanda Azərbaycanın yürütdüyü müstəqil daxili və xarici siyasət bu gün Ermənistanı onların havadarlarını tam şəkildə qane etmir.
Deputat hesab edir ki, məhz buna görə də, bu proseslər baş verir. Təbii ki, atəşkəs pozulduqca Azərbaycan buna adekvat cavab verəcək. Çünki bizim suverenliyimizə, eyni zamanda ərazi bütövlüyümüzə istənilən təhdidin qarşısı artıqlaması ilə alınacaq. Buna görə də həm Qərb, eyni zamanda Rusiya düşünməlidir ki, bizim suverenliyimiz ərazi bütövlüyümüz bizim üçün çox mühümdür. Bu təxribat xarakterli hadisələrlə sülh müqaviləsinin imzalanması prosesinə mane olmaq mümkün deyil.
Deputatın fikrincə, müxtəlif dövlətlərdən Zəngəzur dəhlizi ilə bağlı verilmiş açıqlamalar, Qırmızı dənizdə baş vermiş hadisələr, logistik daşımalar, təhlükəsizliyin təminatı kimi Azərbaycan ərazisinə keçərək orta dəhlizin işlənməsi prosesləri də Ermənistanın törətdiyi təxribatın səbəblərindəndir.
“Fevral ayının 24-də Rusiya və Ukrayna arasında başlanmış müharibənin il dönümüdür. Və nəyin bahasına olursa olsun, bir-birilərini günahlandıran Rusiya və Ukrayna və yaxud onların arxasında duran Qərb bu proseslərdə maraqlıdır ki, regionda stabillik pozulsun və birbaşa Rusiyanı günahlandırsınlar. Yəni bütün baş verən proseslərdə əsas məsələ Rusiyanı regiondan uzaqlaşdırmaq, eyni zamanda onun təsirini azaltmaq və Azərbaycanın müstəqil siyasətinə mane olmaq, Ermənistandan bir vasitə kimi istifadə etməkdir”-deyə deputat əlavə edib.
Arzu Nağıyev xüsusi olaraq, vurğulayıb ki, hər bir Azərbaycan vətəndaşının sağlamlığına toxunmaq, eyni zaman da əsgərimizə qarşı olan təxribat mütləq şəkildə bir neçə dəfələrlə cavablandırılacaq. Çünki Azərbaycan ordusunun hər bir əsgəri Azərbaycan xalqının suverenliyini müstəqilliyini qoruyan bir vətəndaşıdır. Buna görə də qisas əməliyatları keçiriləcək, digər istiqamətdə də addımlar atılacaqdır ki, bu təxribatlar bir daha düşmən tərəfindən törədilməsin.
İradə Cəlil, Bizimyol.info






