2023-cü il Azərbaycan tarixində mühim iz buraxdı. Qarabağ işğaldan tam azad edildi. Bir daha dünyaya sübut etdik ki, “Qarabağ, Azərbaycandır”…
2023-cü il siyasi sferada hansı hadisələrlə yadımızda qaldı?
Tarixçi-politoloq Rizvan Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, 2023-cü il əslində bəzi ciddi yekunların ilidir. 2023-cü ilin əvvəlində Azərbaycanla Ermənistan arasında bəzi problemlər var idi. 2020-ci il 44 günlük müharibədən sonra yeni yaranan geosiyasi vəziyyət, bəzi xarici qüvvələri, siyasi dairələri və bəzi ölkələri qane etmirdi. Bu sırada ABŞ, Fransa, İran, Hindistan və digər ölkələr vardı. Bu ölkələr, Ermənistan hakimiyyətinin əli ilə bu düzəni dəyişmək istəyirdilər.
Rizvan Hüseynov, tarixçi“O siyahıda Rusiya da var idi, sözsüz… İl ərzində siyasi mövqeyi ifşa olunan Fransanın, ABŞ-ın və İranın bəzi məsələlərdə iç üzü açıldı. 2022-ci ilin sonu başlayan ekoloji aksiya nəticə etibarilə 2023-cü ilin mart-aprel ayında Azərbaycan tərəfinin Laçına nəzarəti ilə yekunlaşdı. Bəzi strateji yüksəkliklər Fərrux dağı və s. bunları nəzarətə götürdük. Düşmənin Qarabağda olan qüvvələri sıxışdırıldı. Rusiya tərəfi anladı ki, bu kartdan istifadə edə bilməyəcək. Yəni Xankəndi və ətrafında, rus sülhməramlılarının xidmət apardığı yerlərdə yerləşən qanunsuz erməni silahlılarından istifadə edə bilməyəcək. Bu dəyişiklik nəticəni ona gətirdi ki, Azərbaycana vacib olan bəzi ciddi məsələlərdə rəsmi Moskva Bakının mövqeyini nəzərə aldı və geri çəkildi. Qarabağ məsələsində prinsipial nöqtələr var idi. O məsələdə, yəni siyasi nöqtədə Moskva geri çəkildi. Nəticə etibarilə münasibətləri münaqişə ilə əvəzləmək istəyən oyunçular yenidən aktivləşdi. Fransa barışmaz bir mövqe ilə Qarabağ ermənilərindən sonuna kimi istifadə etdi və bu siyasi oyunda o insanları oyuncağa çevirdi. Bu dönəmdə İran da geri çəkildi”-deyə tarixçi 2023-cü ilə nəzər salıb. O, İranın Azərbaycana qarşı siyasətindən də söz açıb.
“Xatırlayırsınızsa, 2022-ci ilin sentyabrından İran bizə gücünü nümayiş etdirmək istəyirdi. Azərbaycan-İran münasibətlərində gərginlik pik nöqtəyə çatmışdı. 2023-cü ildə İran müvəqqəti olaraq geri çəkildi və Azərbaycan-İran münasibətləri nisbətən normallaşdı.
Həm münasibətlərdə gərginlik var idi, həm də ilin əvvəlində Azərbaycan səfirliyinə hücum və hücum nəticəsində ölüm oldu. Bu hadisəyə göstərdiyimiz həssaslıq və qətiyyətli reaksiyadan sonra İran anladı ki, Azərbaycanla güc dili ilə danışa bilməz. Azərbaycan 2023-cü ilin əvvəlindən həm Rusiyanı, həm İranı bəzi məsələlərdə neytrallaşdıra bildi. Bəzi neqativ proseslərin qarşısını aldı. Həm Moskva, həm Tehran anladı ki, çox gərginləşməyə getsələr, itirən İran və Rusiya olacaq… Və geri çəkildilər.
Dediyim kimi o dönəmdə fürsət tapan Fransa və ABŞ aktivləşdi. Bu da bizə onu göstərdi ki, sadaladığımız ölkələr - istər Rusiya, nə qədər qəribə gəlsə də İran Fransa, ABŞ hamısı bir cəbhədən Azərbaycana qarşı çıxırlar. Azərbaycanın regionda güclənməyini istəmirlər. Zəif olan Ermənistan və Qarabağ erməniləri kartından istifadə edərək, regiondakı yeni yaranan geosiyasi vəziyyəti dəyişmək istəyirlər. Amma bu da alınmadı. Pik nöqtə sentyabrın 19-20-si oldu. Yəni Fransa-Azərbaycan, ABŞ-Azərbaycan münasibətlərinin pik nöqtəsi sentyabr ayı oldu. Azərbaycan nəticə etibarilə 19-20 sentyabrda uğurlu əməliyat keçirdi. 23 saatlıq lokal antiterror əməliyyat nəticəsində bütün ərazilərimiz, Qarabağdakı qalan ərazilərimiz nəzarətə götürüldü. Bütün Qarabağ erməniləri Azərbaycan ərazisindən çıxarıldı. Bunu əslində Azərbaycan istəməzdi. Bunu Fransaya, ABŞ-a əlaltı olan rəsmi İrəvan etdi. 2020-ci ildə 44 günlük müharibədə başlayan proses 2023-cü ilin sentyabrında demək olar ki, tamamlandı. Sonunda Azərbaycan bütün ərazilərinə nəzarəti bərpa etdi. Çox uğurlu bir sonluq oldu”-deyə tarixçi vurğulayıb. Onun sözlərinə görə, bundan sonra ABŞ Azərbaycanın haqlı mövqeyini anlamağa məcbur olaraq, bəzi məsələlərdə geri çəkildi. Azərbaycan-ABŞ münasibətlərində olan gərginlik nisbətən səngidi.
Politoloqun fikrincə, meydanda indi qalan Fransa-Azərbaycan münasibətlərinin gərginliyidir. Rizvan Hüseynov bildirib ki, son günlər bu istiqamətdə də bəzi Fransa siyasi dairələrindən siqnallar gəlir.
“Söhbət uğursuz Macron və onun ətrafından getmir. Fransada daha real siyasəti anlayan qüvvələr var. İqtisadi, siyasi dairələr var. İran, ABŞ, Rusiyanın anladığı kimi Fransada olan bu dairələr də, anlayır ki, regionda itirən ancaq Fransa olacaq”-deyə Rizvan Hüseynov bildirib.
Tarixçi qeyd edib ki, 2023-cü ilin yekununa görə, qalib gələn Azərbaycan oldu.
“Fransanın iqtisadi enerji maraqları var. Bizim regionda "Total" şirkətinin böyük layihələri var. Sözsüz ki, Fransadakı siyasi və iqtisadi dairələr bunu qurban vermək istəməzlər. Macron kimi bacarıqsız siyasətçilərin siyasətinə qurban vermək istəməzlər”-deyən Hüseynov hesab edir ki, gələn il Fransa ilə Azərbaycan münasibətlərində bəzi neqativ çalarlar səngiyəcək.
“Demək olmaz ki, bütün münasibətlər normallaşacaq. Amma necə ki, öncə İran Azərbaycan münasibətlərində neqativ tendensiyanın qarşısı alındı. Fransa-Azərbaycan münasibətlərində də bu tendensiyanın qarşısını almağa şansı var.
Son olaraq 2023-cü il onu göstərdi ki, şərtsiz Azərbaycan regionun lideridir. Tək bu regionun lideri yox, Azərbaycan bu il ərzində Şərqi Avropa və Balkan ölkəri ilə həm çox mühim iqtisadi, həm də çox önəmli müttəfiqlik sənədlərini imzaladı.
Türk dövlətləri formatında çox böyük uğurlara nail oldu. Azərbaycan Türk formatında, Turan formatında lokomotiv rolunu oynayır.
Yaxın Şərqdə gedən proseslərdə Azərbaycanın mövqeyi aktivləşdi və indi də genişlənir. Yəni Azərbaycanın daxili siyasəti tək bizim regiona yox, həm Şərqi Avropa, həm yaxın Şərq istiqamətində, həm Türk-Turan istiqamətində daha da dərinləşir və nüfuzumuz artır”-deyə tarixçi vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan böyük dünya siyasətində addım-addım öz yerini tutmağa başlayıb. Gələn il də Azərbaycan bu inkişafı irəli sürəcək, daha da genişləndirəcək. Gələn ilin uğurlarının əksər təməllərini 2023-cü ildəki proseslər qoydu. Azərbaycan tək bizim regionda deyil, həm iqtisadi, həm enerji, eyni zamanda nəqliyyat və investisiya layihələrini qonşu regionlarda da, yaxın Şərqdə, hətta Şərqi Avropada, orta Asiya ölkələrində də gərçəkləşdirir. Bu da o deməkdir ki, 2023-ci il Azərbaycanın hərbi-siyasi uğurlarını, iqtisadi uğurlara çevirə bilir, yəni yeni dönəm yarada bilir. Azərbaycan güc nümayişindən tədricən iqtisadi, tranzit-nəqliyyat layihələrinə daha çox önəm verəcək.
“2020-ci il də geosiyasi reallığı yaradan Azərbaycan 2023-cü ilin sonuna kimi sübut etdi ki, tək qələbə qazanmaq yox, onu qoruyub və inkişaf etdirməyə də gücü var”-deyə Rizvan Hüseynov xüsusi olaraq vurğulayıb.
İradə Cəlil, Bizimyol.info






