Samvel Şahramanyan “artsax” qondarma rejimin buraxılması ilə bağlı qərarını ləğv edib. Ermənistan KİV-lərinin məlumatına görə, Samvel Şahramanyan “artsax”ın buraxılması haqqında “fərman”ı ləğv edən “fərman” imzalayıb. Şahramanyanın “müşaviri” Vladimir Qriqoryanın sözlərinə görə, “artsax dövlət qurumları”nın separatçı rəhbərləri könüllülük əsasında öz vəzifələrini yerinə yetirməyi davam etdirirlər. Sözünün üstündə dura bilməmək düşmənimizin çoxdankı adətidir. Belə çıxır ki, nə qədər ki, “quyruqları qapı arasında idi” tez-tələsik ləğv qərarı verilmişdi. Elə ki, qaçıb canlarını qurtardılar, yenə başladılar ağızlarına gələni danışmağa. Ağızlarına da yemin hardan atıldığı bəllidir…
Bəs bu qondarma rejimin "oyuncaq" rəhbərlərinin cızma-qarasının hansısa bir təsiri ola bilərmi?
“Ağ Partiya” başqan müavini Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, əslində Azərbaycan bu kimi məsələləri ciddi qəbul etməməlidir. Çünki bu gün kimsə hardasa oturub, hansısa iddia irəli sürə bilər.
Əhəd Məmmədli“Təbii ki, bu da bizim əlimizdə bir “bayraq” olmalıdır. Və Ermənistanın üstünə getməliyik. Əgər Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaqda və münasibətlərin qurulmasında səmimidirsə, o zaman biz tələb qoymalıyıq ki, Ermənistanda “artsax” adında orada heç bir qurum fəaliyyət göstərməməlidir. Əks halda, Azərbaycan bunu bir ərazi iddiası kimi qəbul edəcək və buna uyğun olaraq da hərəkət edəcək. Bu istiqamətdə biz Ermənistanın üstünə getməliyik”-deyə politoloq bildirib. O, ki qaldı Şahmaryan kimi klonlar üçün politoloq bildirib ki, indi Şahramanyan öz simasını qurtarmaq istəyir. Çünki Ermənistanda ona qarşı suallar yaranıb. Onun satqın və Rusiyanın adamı olduğu iddiaları var. Belə düşünülür ki, onu ruslar bilərəkdən təyin ediblər ki, sonra Qarabağı Azərbaycana təhvil versinlər.
“Bu, Ermənistanda gedən yayılmış təbliğat idi. İndi özünün yəni simasını qorumaq istəyir. Və indi bu cür “qərar” qəbul ediblər. Amma istənilən halda bu da bizim üçün diplomatik arenada ən azı Ermənistanın üstünə getmək üçün bir səbəbdir. Bu səbəbdən də, biz də bundan istifadə etməyi bacarmalıyıq. Bilirsiniz ki, siyasi mühitdə hər informasiyadan istifadə etmək lazımdır”-deyə Əhəd Məmmədli əlavə edib.
İradə Cəlil,Bizimyol.info






