Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sülh gündəliyi: birbaşa dialoq kimə sərfəli deyil?
Sülh gündəliyi: birbaşa dialoq kimə sərfəli deyil?

“Mən demişdim...” demək istəmirəm. Həm də heç istəmirəm. Ancaq deməyə də bilmirəm; Samvel Şahramanyan “fərman “ imzalayıb qondarma “Dağlıq Qarabağ Respublikası”nı buraxdığını bəyan edəndə və erməniəsilli əhali Azərbaycanı tərk edib gedəndə mən yazmışdım ki, bir müddətdən sonra onlar “mühacirət hökuməti” yaradacaqlar.

Elə də oldu.

Bunun da səbəbi məlumdur: Ermənistan Rusiya ilə Metsamor Atom Elektrik Stansiyası ilə bağlı kontraktı 2036-cı ilədək uzatdı. Eyni zamanda baş nazir Nikol Paşinyan Avrasiya İqtisadi Birliyinin Sankt-Peterburqda keçiriləcək sammitinə getmək qərarı verdi. Azərbaycan prezidenti İlham Əliyev də orada müşahidəçi kimi iştirak edəcək. Eyni zamanda Müstəqil Dövlətlər Birliyinin qeyri-rəsmi zirvə görüşündə də olacaqlar.

Şahramanyanın öz “qərar”ını dəyişərək “DQR”-i “bərpa etməsi", böyük ehtimalla, Vaşinqtondan gəlmiş göstərişin nəticəsidir. Bu, həm Azərbaycana, həm də Ermənistanın öz rəhbərliyinə təzyiq xarakterli bir addımdır.

Azərbaycanla Ermənistan arasında birbaşa təmaslar vasitəçilik iddiasında olan mərkəzlərə sərf etmir. Eyni zamanda Rusiyanın vasitəçilikdə əvvəlki roluna geri dönməsi də onları rahatsız edir. Üstəlik uzun müddətdir ki, Rusiyanın patronajlığı altında olan KTMT, Avrasiya İqtisadi Birliyinin toplantılarında iştirakdan imtina edən, faktik olaraq Rusiyanı boykot etmiş Nikol Paşinyan hökumətinin birdən-birə qərarını dəyişib yenidən prezident Putinin çətiri altında görünməsi də Qərbin bəzi dövlətlərini çox əndişələndirib.

Doğrudur, bir sammitlə və ya bir görüşlə siyasətin dəyişdiyini iddia etmək də doğru olmaz. Ancaq Nikol Paşinyanın yeni geosiyasi çağırışlara həssaslıq göstərməsi Qərb hökumətlərində məyusluq yaradır. ABŞ və Avropa İttifaqı Ukraynaya dəstəyini azaldaraq, Kiyevi Moskva ilə dil tapmağa - sülh əvəzinə ərazisinin bir hissəsindən imtinaya təhrik edərkən, bunun fonunda Rusiyanın qələbə qazanmaq imkanları artdığı üçün Ermənistan kimi ölkələrin rəhbərləri də narahat olur. Onsuz da, prezident Əliyevin ifadəsi ilə desək, "iki və daha çox stulda eyni vaxtda oturmaq" istəyənlərin yeri heç vaxt rahat olmur. Xüsusilə, indiki halda - Qərb Ukrayna müharibəsindən yorulduğu bir vaxtda.

İrəvanda da anladılar ki, NATO və Aİ üzvlüyü haqda vədlər nə qədər şirin dadsa da, arxasında acı reallıqlar var. Hətta günü sabah Ermənistanı NATO-ya çağırsalar, Türkiyənin və Avropa İttifaqından dəvət gəlsə, Macarıstanın vetosu hazırdır. Ukraynaya İttifaqın 50 milyardlıq yardımını əngəlləyən Budapeşt Ermənistana "yaşıl işıq" yandıracaq?! Əlbəttə, yox.

Ermənistan yeni reallıqları nəzərə alaraq antirusiya mövqeyini yumşaldıb, Putinin "hüzur"una çıxır. "DQR"in qəfildən xortlaması da İrəvanın bu ziqzaqvari hərəkətlərini cəzalandırmaq cəhdidir. Eyni zamanda Azərbaycana qarşı pressinqdir. Hansısa bir məqamda əgər rəsmi Vaşinqton ehtiyac hiss etsə, günün birində (əgər proseslər ABŞ-a sərf etməyən yöndə gedərsə) "DQR"-i beynəlxalq hüququn subyekti kimi tanıyıb, sülh danışıqlarını pozmaq, bölgədə yeni hərbi qarşıdurma yaratmaqla öz məqsədlərinə nail olma meyli hiss olunur.

Yeri gəlmişkən, "Turan" İnformasiya Agentliyinin direktoru, ASTNA mərkəzinin rəhbəri Mehman Əliyevin bu gün dərc olunmuş "Qarabağ separatçılarının öhdəliklərindən yayınması kövrək sülh prosesini daha da çətinləşdirir" adlı məqaləsi də bu baxımdan maraq doğurur. Təkcə maraq deyil, həm də təəccüb və təəssüf.

Niyə təəssüf və təəccüb?! Çünki məqalədə razılaşmaq mümkün olmayan fikirlər, tezislər, ifadələr var. Məqalə sanki Vaşinqtonun "DQR" kartı üzərindən Cənubi Qafqaz ölkələrinə basqı kampaniyasının Azərbaycana ünvanlanmış bir elementidir.

İlk abzasda belə deyilir: 'Beynəlxalq vasitəçilər Azərbaycan və Ermənistan arasında hərtərəfli sülhün bərqərar edilməsi üzrə səylərini fəallaşdırdıqca kövrək danışıqlar prosesi Qarabağ separatçıları tərəfindən yeni çağırışlarla qarşılaşır. Sentyabrın 28-də tanınmamış “Dağlıq Qarabağ Respublikası”nı buraxan Samvel Şahramanyanın başçılıq etdiyi separatçılar dekabrın 22-də öz qərarlarını ləğv edərək, Azərbaycanın hüdudlarından kənarda DQR-in faktiki olaraq bərpa olunmasını seçiblər.

Şahramanyan və onun tərəfdarları respublikanın buraxılmasını “qanunsuz” elan ediblər və bu qərarın etibarsız olduğunu bəyan ediblər. Separatçıların liderinin bu strateji addımı həlledici bir məqamda - iki ölkənin beynəlxalq vasitəçilərin də iştirakı ilə hərtərəfli sülh müqaviləsini imzalamaq ərəfəsində olduğu bir vaxtda atılıb".

Burdan çıxan məna: ABŞ, Aİ və başqa Qərb gücləri imkan verməz ki, Əliyev və Paşinyan öz aralarında sülhə gələ bilsin.

Məqalədə daha sonra yazılıb:

"Baş nazir Nikol Paşinyan və prezident İlham Əliyev sülhün üç əsas prinsipini açıqlayıblar - sərhədlərin qarşılıqlı olaraq tanınması, delimitasiya və kommunikasiyaların açılması. Əliyev ərazi iddialarından imtina edərək, bu şərtlərlə razılaşıb. Lakin Şahramanyanın gözlənilməz dönüşü bu günə qədər əldə edilmiş irəliləyişin üzərindən xətt çəkir".

Bütün tablo göz önündədir. Qərb dairələri birbaşa və ya "Rusiya mənşəli" sülhün qarşısını Samvel Şahramanyanın qanunsuzluğu özünə də məlum olan "fərmanı"ilə bağlamaq istəyirlər.

Bu yerdə qeyd etməliyəm ki, Vaşinqtonun mövqeyini əks etdirən bu məqalədə Azərbaycana qarşı aşkar haqsız, hətta aşağılayıcı üslub qabarıq görünür. Bu cümləyə diqqət edin: "Əliyev ərazi iddialarından imtina edərək, bu şərtlərlə razılaşıb".

Hansı ərazi iddialarından söhbət gedir?! Hansı şərtlər?! Azərbaycanı sanki Ermənistana qarşı ərazi iddiaları irəli sürən, başqa sözlə, təcavüzkar tərəf kimi göstərmək cəhdi var. Bu, yüzdə yüz rəsmi İrəvanın leksikonudur. Üstəlik "şərtlər" ifadəsi də Ermənistana və onun siyasi suflyorlarına məxsusdur. Nə zamandan bəri məğlub tərəf qalib tərəfə şərt qoyur?!

Müəllifin dekabrın 7-də dərc etdirdiyi məqalədə də oxşar, fikrimcə, yanlış yanaşma var. Məqalənin adına diqqət edin: "Qaçqınların qarşılıqlı qayıtması ilə bağlı Azərbaycan prezidenti Əliyevin təklifi Ermənistan-Azərbaycan sülh danışıqlarını çətinləşdirir".

Elə məqalənin başlığından görünür ki, müəllif sülh danışıqlarındakı çətinliklərin günahını "prezident Əliyev" adı üzərindən Azərbaycana yükləyir. Hələ "qaçqınların qayıtması" ifadəsinə baxın. Azərbaycan tərəfinin normal, dinc vətəndaşlıq təkliflərinə və təhlükəsizlik təminatlarına baxmayaraq, öz şəxsi avtomobillərinə oturub rahatca çıxıb getmiş erməniəsilli əhalini qaçqın kimi tanımaq... bu, doğru və ədalətli yanaşma deyil.

Müəllifin bu qənaəti də mənim üçün qəribə və qəbuledilməzdir: "Prezidentin mövqeyi sülh müqaviləsi layihəsində göstərildiyi kimi ermənilərin Qarabağa birtərəfli qayıtmasına dair Yerevanın üstünlüklərilə bağlı fikir ayrılığını göstərir. Əliyevin 35 il əvvəl qovulmuş azərbaycanlıların eyni vaxtda qaytarılması tələbi iki xalq arasında hərtərəfli razılaşma yolunda maneədir".

Mən, Mehman Əliyevə hörmətimə rəğmən bu fikirlərlə, təbii ki, razı deyiləm. Aristotel deyirdi: "Platon dostumdur, amma həqiqət daha əzizdir". Azərbaycanlılar 35 il əvvəl qovulub deyə, indi - 35 il sonra öz yurd-yuvasına qayıda bilməz?! Belə bir haqqı itirib məgər?! Mən bir Azərbaycan vətəndaşı, Qarabağlı, özü, evi, ailəsi, doğmaları, xalqı işğaldan əziyyət çəkmiş, müharibəni içəridən görüb gəlmiş bir fərd olaraq, Azərbaycanlı intellektualların bu cür mövqe bildirməsinə, bəli, həm təəccüblənirəm, həm təəssüflənirəm. Şübhəsiz, Prezidentə, hökumətə tənqidçi mövqedən yanaşma normaldır, ancaq bütövlükdə ölkənin, millətin köklü maraqlarına aid olan məsələlərdə də belə müxalif mövqe, yumşaq desəm, anlaşılmazdır.

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »