Bu ilin 19-20 sentyabr tarixində 23 saatlıq lokal antiterror tədbirindən sonra tarixi Qarabağ torpaqlarımız separatçılardan təmizləndi. Qarabağda yaşayan ermənilər isə, könüllü şəkildə Azərbaycanın heç bir basqısı olmadan Qarabağı tərk etməyə qərar verdilər. Onlar rahatlıqla Azərbaycan postlarından keçərək Ermənistana qayıtdılar. Hətta Azərbaycan hərbçiləri onlara su və digər ərzaq vasitələrilə də təmin edirdi. Bunun sübutu, video görüntüləri var… Buna baxmayaraq, bir müddət sonra Ermənistan ianə toplamaq və özünü havadarlarına acındırmaq üçün Qarabağdan könüllü köç edən ermənilərin Qarabağdan zorla çıxarıldığını və etnik təmizləmə aparıldığını əsassız şəkildə iddia etməyə başladı. Bütün dünyaya Azərbaycanı zorakı dövlət kimi tanıtmaq üçün əlindən gələni etməyə çalışdı. Maraqlısı budur ki, Azərbaycanın 30 illik işğalına, Ermənistanın keçmiş dövrdəki nümayəndələrinin vətəndaşlarımıza qarşı keçirdiyi soyqırımlara göz yuman dünya, nədənsə ermənilərin növbəti uydurma yalanına inanmağa üstünlük verir. Azərbaycan prezidenti dəfələrlə çıxışlarında bildirib ki, ermənilər Azərbaycan vətəndaşlığını qəbul edərək və Azərbayacn qanunlarına tabe olaraq, Azərbaycan Respublikasının tarixi torpağı olan Qarabağ ərazisində yaşaya bilərlər. Eyni zamanda ermənilər tərəfindən yerindən-yurdundan didərgin salınmış çoxsaylı azərbaycanlı var ki, onlar da öz yurd-yuvalarına qayıtmalıdırlar…
Milli Məclisin deputatı Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Qarabağdan Ermənistana könüllü şəkildə köçmüş ermənilərə etnik təmizlənmə və qaçqın adlarının qoyulması qəbuledilməzdir və beynəlxalq hüquqa ziddir. Etnik təmizlənmə və qaçqın güc tətbiq olunaraq öz yaşayış yerlərini məcburi köçməyinə məruz qalmış insanlara verilir. Deputat vurğulayıb ki, belə bir statusa məhz 1988-ci ildə Ermənistandan silah gücü ilə öz yurdlarından deportasiya edilmiş azərbaycanlılara verilmişdi. Çünki, ermənilər azərbaycanlıların mülklərini əlindən alır və ölümlə hədələyərək, respublikanı tərk etməyinə məcbur etdilər.
Azər Badamov“Zaman dəyişildi və Azərbaycan dövləti müstəqilliyinə qovuşaraq, güclənərək özünün pozulmuş hüquqlarını bərpa edə bilən respublikaya çevrildi. Ona görə də üç il əvvəl döyüş meydanında öz ərazilərini 30 illik erməni işğalından azad etdi və 19-20 sentyabrda Qarabğda erməni separatçılığının da kökünü kəsdi. Qarabağda yaşayan ermənilərə isə qanunlarımıza uyğun yaşamağa davam edilməsi təklif olundu. Onlar isə öz yaşayışlarını Ermənistanda davam etdirməyə üstünlük verdilər və ona görə də ərazilərimizi tərk etdilər. Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti ərazilərimiz tərk etmiş ermənilərə qapımızı açıq saxlayır və müvafiq portalda qeydiyyatdan keçməklə, ölkə vətəndaşları kimi qayıtmaqları üçün imkan da yaratmışdı”-deyə deputat əlavə edib.
Azər Badamov bildirib ki, Ermənistan da ermənilərin Qarabağa qayıtması üçün onların təhlükəsizliyini təmin etməklə bağlı beynəlxalq missiyaların dəstəyinə arzulardan danışır.
“Anlaşılmaz bir situasiya yaranıb. Çünki, burda söhbət Azərbaycanın suverən ərazilərindən gedir. Azərbaycanın suveren ərazilərində öz qanunlarımız işləyir. Beynəlxalq misiyalar isə qanunların işləmədiyi yerlərə göndərilməlidir. Məsələn, necə ki, 1988-ci ildə öz doğma yurdlarından güc yolu ilə qovulmuş azərbaycanlıların Ermənistana geri qayıtması və onların təhlükəsizliyinin təminatı üçün heç bir imkan nəzərdə tutmur və bununla bağlı heç bir açıqlama vermir”-deyən deputat hesab edir ki, Azərbaycan portalla ermənilərin qayıtmasını da ləğv etməli və qayıdışın qarşılıqlı həyata keçirilməsi mexanizmi üzərində işləməlidir. Çünki, Ermənistan 100 min erməninin ərazilərimizi tərk etdiyini deyirsə, biz də 300 min azərbaycanlının deportasiya olunduğunu deyirik. Qayıdış qarşılıqlı baş tutmalıdır. Əks halda, "ədalətli" qayıdışdan söhbət getməməlidir.
İradə Cəlil, Bizimyol.info






