Keçmişə nəzər salaq. Azərbaycan müstəqillik əldə etdikdən sonra torpaqları işğal edildi. Və bu günə qədər Azərbaycanın "bütün" ərazilərində irimiqyaslı heç bir zaman seçki keçirilməyib. Bütün seçkilər 20 faiz torpağı işğal altında olan, 1 milyondan çox qaçqını olan Azərbaycan ərazisində keçirilmişdi. 2020-ci il 44 günlük Vətən müharibəsi, 2023-cü il 19-20 sentyabr bir günlük lokal antiterror əməliyyatından sonra Azərbaycan bütünləşdi, öz tarixi torpaqlarına qovuşdu və tarixi torpaqları işğaldan azad edildi. Daha əzilmiş, torpaqları işğal altında olan və hər gün şəhid xəbərləri alan xalq deyilik. Azadıq, müstəqilik, başımız ucadır və çox tolerant xalqıq… Bu azadlığı da Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində əldə etmişik. Və qarşıdan növbədənkənar prezident seçkiləri gəlir. Bu seçkilərin Azərbaycan tarixi üçün də mühüm rolu var…
Milli Məclisin deputatı Arzu Nağıyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu seçkidə əsas məqam ondan ibarətdir ki, bu seçki "zəfər seçkisi"dir. Seçki bütün Azərbaycan ərazisində keçiriləcək. Deputatın fikrincə, bu seçkinin özü də yeni bir qələbə kimi qeyd olunmalıdır. Çünki 30 ildir Azərbaycan Respublikasının bütün ərazisində belə bir seçki keçirilməsinin həsrətində olmuşuq.
Arzu Nağıyev“İlham Əliyevin namizədliyi “Yeni Azərbaycan” partiyası tərəfindən irəli sürülüb və Azərbaycan xalqı da birmənalı şəkildə bu seçimi dəstəkləyir. Seçkilərdə də, tam dəstəyə nail olan bir namizəd olacaq. Onun istər prezident kimi, istər ali baş komandan kimi Azərbaycanın qalib bir dövlətə çevrilməsində mühüm rolu oldu. O, prezident kimi öz üzərinə düşən vəzifələri yerinə yetirib. Eyni zamanda cənab prezident Azərbaycanın bütövlüyü və Azərbaycanın suverenliyi, eyni zamanda Azərbaycan xalqının rifahı üçün çox mühüm addımlar atıb”-deyə deputat vurğulayıb.
Arzu Nağıyev qeyd edib ki, paralel olaraq, Milli Məclisdə təmsil olunan milli müxalif partiyaların liderləri də öz namizədliyini irəli sürüb. Deputatın fikrincə, müəyyən bir vaxtdan sonra onlar öz səsini məhz cənab prezidentə də verə bilərlər. Bu isə, artıq onların öz seçimidir. Belə ki, bəzi müxalif partiyaların liderləri də birmənalı şəkildə indidən İlham Əliyevi dəstəklədiklərini bəyan edib, onun apardığı siyasətlə tam razı olduqlarını rəsmi şəkildə bildiriblər.
Arzu Nağıyev vurğulayıb ki, seçki öncəsində müxtəlif iddialarla seçkini boykot etmə qərarı verən bəzi müxalif partiyalar da var. Deputatın fikrincə, növbədənkənar seçkiləri boykot etmək bir qorxu əlamətidir.
“Bilirlər ki, birmənalı şəkildə keçməyəcəklər və tərəfdarları da seçicilərin sayında o qədər mühüm bir rol oynamır. Məhz, İlham Əliyevin namizədliyinə görə, seçki daha möhtəşəm keçəcək və hər bir seçici çalışacaq ki, bu zəfər seçkisində onunda səsi olsun və seçmək imkanına malik olsun”-deyən deputat hesab edir ki, bu seçkilərdə seçicilərin aktivliyi daha çox olacaq.
Deputat vurğulayıb ki, Azərbaycan xalqının məhz bu seçkilərdə iştirakı müşahidəçilər tərəfindən də izləniləcək. Müşahidəçilərin də bəziləri bilməlidir ki, yəni müsbət rəy və fikirlərini bildirə bilərlər. Digərləri də, təbii ki, müsbət rəy bildirməsələr də mənfi rəy bildirmək üçün də kifayət qədər əsasları olmalıdır.
“Seçki möhtəşəm keçəcək. Azərbaycan xalqı öz seçimini etmək iqtidarındadır”-deyə deputat bildirib.
İradə Cəlil, Bizimyol.info






