“Gələn il azad olunmuş ərazilərdə 65 min hektar sahə minadan təmizlənəcək”. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Maarifləndirmə, Beynəlxalq və İctimaiyyətlə Əlaqələr İdarəsinin müdir müavini Fərhad İsayev danışıb. O, qeyd edib ki, son üç ildə 113 698 ərazi minalardan təmizlənib. 30 763 piyada əleyhinə, 18 546 tank əleyhinə mina, 60 623 partlamamış hərbi sursat aşkarlanıb.
Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi cinayətlərdən biri də ölkəmizə qarşı mina terrorunun davam etməsidir. Məhz Ermənistanın qeyri-konstruktiv mövqeyi Azərbaycan ərazilərinə və Azərbaycan əhalisinə qarşı etnik nifrətə köklənən siyasəti, təəssüflər olsun ki, bölgədə gərginliyin qalmasına səbəb olur.
Tural İsmayılov“Ermənistanın atdığı addımlar nəticəsində 44 günlük Vətən müharibəsindən bu yana vətəndaşlarımız Ermənistanın mina terrorunun qurbanlarına çevriliblər. Bu proses uzun müddətdir ki, öz nəticəsini vermir. Azərbaycan tərəfini bütün haqlı etirazlarına rəğmən dünya ictimaiyyəti Ermənistanın mina terroruna qarşı tam kəskin reaksiyalar vermir, normal səs çıxarmır və bütün bunlar Ermənistanın daha da aqressivləşməsinə və bölgənin gələcəyinə təhdidlər törədir”-deyən politoloq qeyd edib ki, bu günə qədər Brüssel və Moskvadan çağırışlar olsa da, Ermənistan minalanmış ərazilərinin xəritələrini Azərbaycana təhvil vermir.
Politoloqun sözlərinə görə, məhz bu prosesdə Azərbaycanla Ermənistan arasında normallaşma və gələcəkdə əldə edilə biləcək sülh məsələsini kifayət qədər ləngidir, prosesin dalana dirənməyinə səbəb olur. Bu səbəbdən də, minalanmış ərazilərlə bağlı Azərbaycana dəstək daha çox olmalıdır.
“Bu gün dünya humanitar şüurdan bəhs edir. Amma azərbaycanlıların Ermənistan tərəfindən təşkil olunmuş mina terroruna qurban getməyinə qarşı heç bir səs çıxarmır. Bu, "dünya"nın nə qədər ədalətsiz olduğunu və belə qlobal humanitar böhranda Ermənistana səs çıxara bilmədiyinin növbəti göstəricilərindən biridir. Bu baxımdan Azərbaycan və Ermənistan arasında sülh münasibətlərinin danışıldığı bir vaxtda, mina məsələsiylə bağlı Azərbaycana beynalxalq dəstək artmalıdır”-deyə Tural İsmayılov qeyd edib.
İradə Cəlil, Bizimyol.info






