Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Yeni nəslin ana dili artıq bizim evdə istifadə etdiyimiz dil deyil, texnoloji dildir"
"Yeni nəslin ana dili artıq bizim evdə istifadə etdiyimiz dil deyil, texnoloji dildir"

“DAHA intellekt vadisi” MMC-nin direktoru Aqşin Yenisey, Təhsil Menecmenti Zirvəsində çıxışı zamanı bildirib ki, ədəbiyyat və təhsil bir-birinə yaxın anlayış deyil.

“Ədəbiyyat müstəqil sahədir. Haqqında danışdığımız nəsl onlayn nəsildir. Onların bir dili var. Onlar yazaraq danışan nəsildir. Nitq və dil məsələsini biz ayırırdıq. Lakin indiki nəsl yazaraq danışır. Ona görə də bu gün ədəbiyyatın dili həmin tələbatı ödəmir. Biz dillə ağlaya, gülə bilirik. Bunu vizual şəkildə edirik. Onun üçün də yeni nəslin ana dili artıq bizim evdə istifadə etdiyimiz dil deyil, texnoloji dildir. Bu günə qədər yaşlı nəsil balacaları öyrədirdi. İndi isə əksinədir. Alfa nəsli özlərindən əvvəlki nəslə öyrədir.

Azərbaycanda təhsilin ilişdiyi yer var. Biz oxuyanları kasıb, oxumayanları zəngin görmüşük. Ancaq Azərbaycan qlobal bazara açıldıqdan sonra təhsil azərbaycanlının rifahına təsir etməyə başlayıb. Məni narahat edən odur ki, Azərbaycan xalqının yeni nəsli əldə etdiyi savadı tətbiq etmək üçün yenə də xaricə üz tutacaqlar? Azərbaycanda bilgilərin tətbiq edilə biləcəyi sahə yoxdur. Mən çalışıram yeni nəslin istəklərini dilə gətirim”,- deyə Aqşin Yenisey qeyd edib. Onun sözlərinə görə, süni zəka artıq bizim həyatımızın hər bir sahəsinə girib və yavaş-yavaş inkişaf edəcək.

“Süni zəkadan qorxma hissi, instinktdi. Bu, bütün dövlərdə yaşanıb. Düşünürəm ki, özümüzü qorxutmağa ehtiyac yoxdur. Bizim ziyan verə biləcəyimiz xalq, cəmiyyət özümüz ola bilərik. Bunun üçün də biz müasir texnologiyaları da öz mədəniyyətimizlə idarə etməyi bacarmalıyıq,”- deyə yazıçı əlavə edib.

Qeyd edək ki, Bizimyol.info xəbər portalı “Təhsil Menecmenti Zirvəsi” adlı tədbirin rəsmi media tərəfdaşıdır.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »