Təhsil Menecmenti Zirvəsi 23 noyabr 2023-cü il tarixində "Baku Marriott Hotel Boulevard"da "Roof Academic Training" və "Facemark" şirkətlərinin birgə təşkilatçılığı ilə keçirilib.
Zirvənin rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, tədbirin spikerlərindən ADA universitetinin dosenti və “Qarabağa Dönüş” təşkilatının sədr müavini Gülməmməd Məmmədov kütləvi təhsilin hardan başlanmasından danışıb.
“Kütləvi təhsil 19-cu əsrdə sənayeləşmə ilə yanaşı zəruri olaraq yaranıb. Kütləvi təhsilin əsas dəhəfi sənayeyə yararlı kadr hazırlamaq idi. Bu gün təhsil çox dəyişib. Amma iqtisadiyyatın nə istədiyini bilməliyik. Kapitalist cəmiyyətdə təhsilin əsas məqsədi, iqtisadiyyatın hədəflərini qarşılamaq olmalıdır.
Yeniliklərlə bağlı problemlər də var. Bu da sovet dönəmindən gələn məsələdir. İşğaldan azad olan ərazilərdə təhsil müəssisələrinin dizaynı və idarəetməsi yeni formada qurulur. Bu idarəetmə təhsildə də özünü göstərməlidir. Çox sevindiricidir ki, təhsilin bütün səviyyələrində kifayət qədər yaxşı təcrübəsi olan təhsil müəssisəsi var. Azərbaycanın da hər bir ölkə kimi öz xüsusiyyətləri, qəbul edilmiş ənənələri var. Hansısa ölkədə olan təhsil təcrübəsini burada keçsək çox da uğulu olmaya bilər. Lakin işğaldan azad olan ərazilərdə yenilikləri tətbiq etməliyik ki, digər bölgələrə də yayılsın”,- deyə Gülməmməd Məmmədov çıxışında qeyd edib.
Qeyd edək ki, Bizimyol.info xəbər portalı “Təhsil Menecmenti Zirvəsi” adlı tədbirin rəsmi media tərəfdaşıdır.
Leyla Mirzə, Bizimyol.info






