Birinci Qarabağ müharibəsinin qəhrəmanlarından biri də Natiq Qasımovdur. Natiq Qasımovun həyat hekayəsi olduqca təsirlidir. Onun hekayəsini təsirli edən təkcə haqqında yazılanlar, danışılanlar deyil, həm də ondan geriyə qalan təsirli fotolardır. Birinci Qarabağ müharibəsi zamanı orada olan italyan fotoqraf və jurnalist Enriko Sarsini Natiqin hekayəsini fotolara köçürür. Bu, əsl qəhrəmanlıq hekayəsi idi. Natiq Qasımov haqqında çəkilən "Oğul" sənədli filmi sayəsində fotolar üzə çıxır. Hər kəs Natiq Qasımova "Milli Qəhrəman" adı verilməsini təklif edir, arzulayır…
Milli Məclisin deputatı Vüqar İskəndərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Birinci Qarabağ müharibəsi də Azərbaycanın taleyində çox böyük qəhrəmanlıq dastanı yazılan faktlarla zəngin olub.
Vüqar İskəndərov“Ölkənin çətin vaxtı, müstəqilliyi yeni qazanmış ölkə demək olar ki, dünyada tək qalmış, müdafiə sənayesi olmayan, daxildə intriqalar, hakimiyyətsizlik, səriştəsizlik… Belə bir zamanda ermənilərə az qala dünyanın yarısı dəstək verirdi. Belə bir dövrdə Azərbaycan oğulları torpaqlarımızın müdafiəsinə atılmışdılar. Sözün əsl mənasında, hər biri bir qəhrəmanlıq dastanı yazdılar. Onlardan biri də Natiq Qasımovdur ki, həqiqətən də o qəhrəmanlığı, şücaəti əsl Azərbaycan kişisinə məxsus mərdliyi, namərdlər qarşısındakı o vüqarlı duruşu, bayrağımızı qürurla daşıması hər birimizə bir fəxarət hissi oyadır. İtaliyan fotoqrof və jurnalisti Enriko Sarsin bu məsələ haqqında bu bir film çəkib. Həqiqətən də xarici jurnalisti bu hadisə necə təsirləndiribsə, heyrətləndiribsə, o, bütün hadisələri filmə köçürüb”-deyən deputat vurğulayıb ki, belə insanları, belə oğulları yetişdirən bu torpağa yalnız alqış deyirsən..
Deputat hesab edir ki, onun izini itirməyə çalışan terrorçuların bir-bir məsuliyyətə cəlb edilməsi Azərbaycanın gücünü və qüdrətini göstərir.
“Natiq kimi çox belə oğullarımız olub. Böyükməkdə olan gənc nəslimiz üçün onlar nümunədirlər. Onlardan nümunə götürə bilmələri, onları tanıya bilmələri üçün hər birinin adı əbədiləşdirilməlidir. Hər birinin haqqında kitablar, məqalələr yazılmalı, filmlər çəkilməlidir”-deyən deputat vurğulayıb ki, o, Natiq Qasımova "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adının verilməsinin tərəfdarıdır.
Deputat vurğulayıb ki, Natiq Qasımov - bu igid Azərbaycan oğlu bütün ən yüksək səviyyəli fəxri adlara, alqışa layiqdir.
“Onun adı Azərbaycan qəhrəmanlıq tarixinə qızıl həriflərlə yazılacaq”-deyə Vüqar İskəndərov əlavə edib.
İradə Cəlil, Bizimyol.info






