Ermənistanın eks-prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryanı İrəvanda hökumət əleyhinə keçirilən aksiyalarda dörd polis əməkdaşını döyməkdə ittiham ediblər.
Bizimyol.info xəbər verir ki, bu barədə onun vəkili Aleksandr Qoçubayev "Facebook" sosial şəbəkə hesabında məlumat verib.
“Həbs qərarında deyilir ki, Köçəryana işgəncə verən polislər onun dörd qırmızı bereli döydüyünü bildiriblər.
Bu cəfəngiyyata əsaslanaraq cinayət işi başlanıb”, vəkil yazıb.
Vəkil bildirib ki, Köçəryanın həbsi zamanı ciddi şəkildə döyülüb. “Əldə olunan məlumatlarda və videogörüntülərdə onun saxlanılan zaman fiziki təzyiqə məruz qaldığı barədə vəsatət vermişik. Polslərin ona qarşı qeyri-insani davranışlarını qeyd etmişik və bu barədə materiallar təqdim etmişik. Həbs qərarından da məhkəməyə şikayət edilib”, - deyə Koçubayev qeyd edib.
Bundan əvvəl Köçəryanın İrəvanın mərkəzində etiraz aksiyası zamanı saxlanıldığı məlum olub. Sonradan ona beyin silkələnməsi diaqnozu qoyulub. Bundan başqa, saxlanılanlar arasında ölkənin baş naziri Nikol Paşinyanın impiçmentinə çağıran müxalifətin “Ana Ermənistan” blokunun lideri Andranik Tevanyan da var.
Sentyabrın 19-da Azərbaycanın Qarabağda hərbi əməliyyat elan etməsindən sonra İrəvanda etiraz aksiyaları başlayıb. Aksiya iştirakçıları Paşinyanın istefasını tələb edərək, onu satqın adlandırıblar. Paytaxt küçələrində qarışıqlıq yaratmağa çalışan etirazçılar polislərə də hücum ediblər. Xeyli etirazçı saxlanılıb, onların - Levon Köçəryan da daxil olmaqla bəziləri barəsində məhkəmə tərəfindən həbs qərarı verilib. İrəvanda etiraz aksiyaları bu gün də polisin nəzarəti altında davam etdirilib.
Qadir, Bizimyol.info
P.S: Ekspertlər Azərbaycanın Qarabağ iqtisadi rayonunda keçirdiyi lokal anti-terror tədbirindən sonra İrəvanda baş vrənləri Rusiyanın planına uyğun olaraq İrəvan-Qarabağ klanları arasında yaşanan qarşıdurma hesab edirlər. Onlar bildirirlər ki, bu hadisələr Qərbə yönələn baş nazir Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa hesablanıb.






