Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrda Rusiya prezidenti Vladimir Putinlə "üz-üzə" görüşəcəyini gözləyir.
Bizimyol.info xəbər verir ki, “Türkiyə” qəzetin verdiyi məlumata görə, Türkiyə prezidenti bu barədə Macarıstan səfərinin yekunlarına dair mətbuat konfransında bildirib.
"Sentyabrda Hindistanda "G20" və Birləşmiş Ştatlarda BMT Baş Assambleyasının iclası keçiriləcək. Növbəti aylarda da hər zaman olduğu kimi, gərgin iş qrafikimiz var. Amma bu gərgin mühitdə fürsət tapsaq, Rusiyanın dövlət başçısı cəbab Putinlə üz-üzə görüşüb danışmağa çalışacağıq”, - deyə "Türkiyə" qəzeti Ərdoğana istinadən məlumat verib.
Türkiyə prezidenti Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının təşkili üçün səylərini davam etdirdiyini də bildirib.
“Biz buna çalışırıq, ümidimiz budur, başqa sözlə, Zelenskinin gəlişindən, onunla görüşlərimizdən, həmçinin NATO liderlərinin sammitindəki görüşlərimizdən danışdıq. Ümid edirəm ki, iki lider vasitəçiliyimizi müsbət qəbul edərsə, yaxşı nəticə əldə edəcəyik”, - deyə Ərdoğan qeyd edib.
İyul ayında Rəcəb Tayyib Ərdoğan Türkiyəyə gələn prezident Vladimir Zelenski ilə görüşüb və taxıl sazişinin uzadılmasında israrlı olduğunu bildirib. Eyni zamanda Ərdoğan Putinin avqustda gəlişini gözlədiyini bildirmişdi.
Avqustun 16-da Rusiya telekanalları Rusiya dövlət başçısı Putinlə Türkiyə prezidenti Ərdoğanın avqustun son günündə görüşə biləcəyi barədə məlumat yayıblar. Eyni zamanda, Rusiya mətbuatının verdiyi məlumata görə, Ərdoğan administrasiyasının mətbuat xidməti qeyd edib ki, Türkiyə tərəfinin avqustun 31-də Türkiyə lideri ilə Rusiya prezidenti arasında mümkün görüş barədə hələlik konkret məlumatı yoxdur.
Qadir, Bizimyol.info






