Avqustun 13-də Rusiya hərbçilərinin Qara dənizdə türk ekipajlı “Sukra Okan” yük gəmisini dayandırmaq üçün xəbərdarlıq atəşi açmasından sonra Türkiyə avqustun 18-də Moskvaya eskalasiyanın qarşısını almaq üçün xəbərdarlıq göndərib.
Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Administrasiyasının Kommunikasiya Departamenti yanında Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb.
Yük gəmisinin sahibi və heyətinin Türkiyə vətəndaşı olmasına baxmayaraq, gəmi Palau bayrağı altında üzüb.
“Gəmiyə qarşı görülən tədbirlərdən sonra Rusiya tərəfinə Qara dənizdə gərginliyi artıra biləcək bu cür təşəbbüslərdən çəkinmək tövsiyə olunub”, - deyə Ankaranın açıqlamasında qeyd edilir.
Avqustun 17-də məlum olub ki, ilk ticarət gəmisi taxıl sövdələşməsi başa çatdıqdan sonra Odessa limanını tərk edərək Bosfor boğazına daxil olub. Türkiyənin diplomatik dairələrindəki mənbə bildirib ki, taxıl müqaviləsi ləğv edildikdən sonra ilk gəminin Bosfor boğazından keçməsi Ankaranın alternativ yollara razılığı demək deyil, boğaz ticarət gəmilərinin keçməsi üçün istifadə olunur.
Daha sonra Ankara aydınlaşdırıb ki, cümə axşamı Ukrayna limanından çıxan və Bosfor boğazından keçən gəmi konteyner gəmisidir və taxıl daşımır.
Qadir, Bizimyol.info






