Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"...Ətrafı nur saçırdı, içəridən gözəl qoxu gəlirdi" - Osmanlı səyyahı Qobustanda nəyə şahid olub? - Video
"...Ətrafı nur saçırdı, içəridən gözəl qoxu gəlirdi" - Osmanlı səyyahı Qobustanda nəyə şahid olub? - Video
"Diri Baba" Türbəsi, malakanlar kəndi, Türk şəhidliyi, qədim mağaralar, karvansaralar və neçə-neçə tarix qoxan bölgələrin qədim məskəni - Söhbət Qobustan şəhərindən gedir. Əvvəllər Mərəzə qəsəbəsi kimi tanınan bu yerə daha sonra Milli Məclisin müvafiq qərarı ilə Qobustan adı verilib. Mərəzə adı farsca "mərizat" sözündən formalaşıb və adını bu bölgədə yerləşən məşhur "Pir-Mərizat"dan yəni, "Diri Baba" türbəsindən götürüb. Bu türbənin adı keçmiş fars və türk dünyasında, onların tarixlərində hər zaman hallanıb, diqqətçəkən olub.

Həvəskar tarixçi, bir zamanlar bu türbədə uzun illər çalışmış Nasib Babaşov "Diri Baba" türbəsi barədə Bizimyol.info-ya geniş məlumatlar verib və bildirib ki, türbə 1402-ci ildə 33-cü Şirvanşah hökmdarı 1-ci İbrahim tərəfindən tikilib: "Türbənin tikilmə səbəbi bir zamanlar burada müəzzinlik edən Muhəmməddir (bəzi qaynaqlarda isə Pirmuhəmməd - N.B). Türbə onun adına inşa edilib. Məlumatlara görə, Muhəmməd ibadət zamanı bu türbənin ikinci mərtəbəsində vəfat edir. Tarixçilərin bildirdiyinə görə, onun bədəni 300-350 il çürüməyib. Hətta məşhur Osmanlı səyyahı Övliya Çələbi 1647-ci ildə "Diri Baba"ya səyahəti zamanı onun ikinci mərtəbədə çürüməmiş bədənini görür. Səyyah daha sonra özünün 10 cildlik məşhur "Səyahətnamə" əsərində bunları qeyd edir: "Mən Şirvan bölgəsinə çatmamış, yüksək bir dağda səcdə vəziyyətində bir baba gördüm. Türbənin təmizliyinə Səlahəddin adlı şəxs baxırdı. Mən Səlahəddindən soruşdum, baba namazını nə zaman bitirər? O, cavabında bildirdi ki, baba neçə yüz il bundan əvvəl vəfat edib. Yüz illər keçməsinə baxmayaraq, ölən babanın ətrafı nur saçırdı və içəridən gözəl qoxu gəlirdi. Mən orada çürüməmiş mübarək insan bədəni gördüm".

Qobustan şəhərini turist axınına məruz qoyan bu türbədə həmin dövrdən qalma mağaralar da mövcuddur. Başdan ayağa tarix qoxan Qobustan şəhəri həm də zəhmətkeş, çörəyi əl əməyindən, göz nurundan çıxan, halallığı özünə şüar edən sakinləri ilə məşhurdur. Bir zamanlar bu ərazilər böyük bir səhralığı xatırlatsa da, sonradan burada məskən salan qobustanlılar öz zəhmətləri bahasına böyük bir səhranı cənnətə çeviriblər. Xüsusilə gecə vaxtı hündür qayalıqdan şəhərə tamaşa etsəniz, Qobustanı böyük bir nur topasına bənzədərsiniz - demək olar ki, bu balaca şəhərin işıqsız məhəlləsi yoxdur. Yol nişanları, asfalt örtüyü, inzibati binaların səliqəli görkəmi və ən əsası, qonaqpərvər sakinləri bura üz tutan qonaqlarda xoş təəssürat, unudulmaz xatirə formalaşdırır. Vaxtilə Osmanlı Səyyahı Övliya Çələbinin "Diri Baba" türbəsində duyduğu o xoş ətir qoxusu indi Qobustanda əlinin əməyi ilə halal ruzisini qazanan hər bir sakinin evində var.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »