Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Separatizmə qarşı Ukraynaya kömək etməyə çalışanlar bizim yaşadıqlarımızı görməzdən gəlirlər"
"Separatizmə qarşı Ukraynaya kömək etməyə çalışanlar bizim yaşadıqlarımızı görməzdən gəlirlər"

“BMT Nizamnaməsinin 2(4)-cü maddəsində dövlətlərin ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş istənilən zorakılıq qeyri-leqal adlandırılır və dövlətləri zorakı üsullardan çəkinməyə çağırır. Eyni zamanda, həmin Nizamnamənin 51-ci maddəsi dövlətlərə özünü müdafiə hüququ verərək, onların təcavüzə və separatizmə qarşı mübarizə aparmaq imkanlarını tanıyır. Azərbaycan Prezidenti də bu normalardan çıxış edərək separatizmə dözməyəcəyimizi bir daha bütün dünyanın və təxribatçı tərəflərin nəzərinə çatdırdı”...

Bu barədə Bizimyol.info xəbər portalına “Ana Vətən” partiyasının sədr müavini Yalçın Hacızadə danışıb. Yalçın Hacızadə qeyd edib ki, Prezident İlham Əliyevin “Euronews” televiziya kanalına verdiyi müsahibə ilə Azərbaycan-Ermənistan münasibətlərinə dair bir çox məsələlərə fikrini bildirib. Əsasən də, qələbədən sonrakı vəziyyətə, münasibətlərin tənzimlənməsi üçün aparılan sülh danışıqlarına, beynəlxalq təşkilatların və ayrı-ayrı ölkələrin münaqişəyə olan münasibətinə tam aydınlıq gətirib.

Yalçın Hacızadə Yalçın Hacızadə

“Dövlət başçısı ərazimizi işğaldan azad etməklə separatizmə qalib gəlindiyini və beynəlxalq hüququn prinsiplərinin və ədalətin təmin olunduğunu bildirib. Eyni zamanda, bəzi Qərb ölkələrinin və təşkilatlarının siyasətinə də etirazını bildirərək, “bizim də separatizmə qarşı mübarizəmiz Avropa ölkələrində gördüyümüz təcrübəyə uyğundur. İndi biz separatizmə qarşı mübarizə aparmaqda Ukraynaya kömək etmək üçün Avropa və Qərbin necə birləşdiyini görürük. Bəs bizə gəldikdə nəyə görə bizim separatizmə qarşı mübarizəmizə fərqli yanaşma sərgilənir? Nəyə görə Gürcüstanın separatçı regionlarına qarşı yanaşması Qərb cəmiyyəti və siyasətçiləri tərəfindən tamamilə anlaşılır, lakin bizim eyni mənşədən olan separatizmə son qoymaq üçün legitim istəyimiz sual atlına alınır? Nə üçün İspaniya Kataloniyaya referendum keçirməyə icazə vermir, baxmayaraq ki, onların sayı 5, yaxud 6 milyon nəfərdir və yaxınlıqda öz dövləti olan ermənilərdən fərqli olaraq, onların öz dövləti yoxdur. Nə üçün biz separatizmə dözməliyik? Biz bunu etməyəcəyik”-deyən Hacızadə bildirib ki, bütün bunlar Qərbin ikiüzlü siyasətinin göstəriciləridir. Təəssüflər olsun ki, daim beynəlxalq hüququn prinsiplərinə hörmətdən, insan hüquqlarından danışan bəzi ölkə və təşkilatlar Azərbaycana münasibətdə xristian həmrəyliyinə bürünür və ya erməni lobbisinin vəsaitinin təsiri altında öz prinsiplərini unudurlar. Ermənistanın işğalı nəticəsində 30 il öz yürdlarından məcburi köçürülmüş, çətin vəziyyətlərdə yaşamış, siyasi, sosial, mülkiyyət hüquqları pozulmuş bir milyona yaxın vətəndaşımızın vəziyyətini görməzdən gəlirlər. Həmçinin, tarixi Azərbaycan torpaqları olan Ermənistan ərazisində yerləşən öz ata-baba yurdlarından qovulmuş yüz minlərlə soydaşımızın geri qayıtması üçün Ermənistana təsir göstərilmir. Amma Azərbaycan öz ərazisində yaşayan, vətəndaşlığını qəbul edəcək ermənilərə Konstitusiyası çərçivəsində bütün hüquqları verəcəyini bildirsə də, bəzi ölkələr və təşkilatlar regionda münaqişənin davam etməsi üçün separatizmə göz yumurlar və ya qarşısının alınması üçün Azərbaycana dəstək vermirlər. Rusiyaya sanksiyalar tədbiq edən, işğala, separatizmə qarşı mübarizədə Ukraynaya siyasi, maddi və hərbi dəstək verən ölkələr, Ermənistanda revanşı, separatizmi, Azərbaycanın ərazi bütövlüyünə qarşı hərəkata dəstək verirlər. Azərbaycanın mübarizəsini, cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsini insan hüquqları “pozuntusu” kimi qiymətləndirib, timsah göz yaşları tökürlər.

“Əlbəttə, bütün bunlar da dünyada beynəlxalq hüquqa, beynəlxalq təşkilatlara olan inamı azaldır və münaqişələrin güc yolu ilə həll edilməsinə gətirib çıxarır. Heç şübhəsiz ki, dünyada ikiüzlü siyasət olmasaydı, Ermənistan həmin ölkə və təşkilatlardan dəstək almasaydı torpaqlarımızı 30 il işğalda saxlaya bilməz, separatçılığını indi də davam etdirməyə cürət etməzdi”-deyə Yalçın Hacızadə əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »