Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Niyə Azərbaycan Rusiyaya görə özünü təhlükəyə atır?
Niyə Azərbaycan Rusiyaya görə özünü təhlükəyə atır?

Yaponiya hibrid və mühərrik həcmi 1,9 litrdən çox olan avtomobillərin, həmçinin yük maşınlarının təkərlərinin Rusiyaya ixracını qadağan edib. Bu barədə Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Yasutoşi Nişimura danışıb.

Nazirin qeyd etdiyinə görə, məhdudiyyətlər avqustun 9-dan qüvvəyə minəcək. O bildirib ki, Tokio dünya ictimaiyyəti və G7 ölkələri ilə birlikdə Rusiyaya qarşı sanksiyalara əməl etmək üçün lazım olan hər şeyi həyata keçirməyə hazırdır.

Bizimyol.info xəbər verir ki, iyulun 20-də Yaponiya hakimiyyəti ölkənin Rusiyaya qarşı əlavə sanksiyaların məzmununu hələ dəqiqləşdirmədiyini bildirərək mühərrik həcmi 1,9-dan çox olan avtomobillərin ixracına qadağa qoyulması ilə bağlı məlumatları təkzib etmişdi. Amma təxminən bir həftə ərzində rəsmi Tokio qərarını qətiləşdirib. Rusiyaya hibrid avtomobillər, ehtiyat hissələri ixrac olunmayacaq.

Avtomobil bazarının nümayəndələri qeyd ediblər ki, Yaponiyanın belə bir qərarı ehtiyat hissələrinin qıtlığına və qiymətinin qalxmasına səbəb ola bilər. Sökülmək üçün xaricdən gətirilən avtomobillər bütövlükdə ölkədə alınır, sonra gəmidə parçalara ayrılır və artıq ehtiyat hissələri kimi Rusiyaya gətirilir.

Yaponiyanın belə qərarının Azərbaycana birbaşa aidiyyəti var. Ölkədə Asiya ölkəsinin istehsalı olan hibrid avtomobillərin qıtlığı yaranıb. Azərbaycandakı “Toyota” mərkəzlərinə baş çəkmək kifayətdir. Mərkəzlər üzərinə məsuliyyət götürmür. Yəni beh götürmək istəmirlər, bir neçə ay sonra avtomobili çatdıra biləcəklərinə söz vermirlər. Ona görə ki, hibrid maşınlar Azərbaycan üzərindən Rusiyaya göndərilir. Kreml sanksiyalardan keçmiş postsovet ölkələrinin vasitəsilə yan ötməyə çalışır. Düzdür, Ermənistan və Qırğızıstanın bu məsələdə Azərbaycandan payı çoxdur. Amma bizim ölkə də az iş görmür. Nəticəsə Azərbaycan istehlakçısı çətin vəziyyətdə qalır.

Hökumət nümayəndələri çıxışlarında yeni avtomobillərin təbliğatını aparır. Xüsusilə elektomobillərin, hibrid maşınların üstünlüklərindən danışılır. Amma bu avtomobilləri indiki şərtlərlə əldə etmək mümkün deyil. Azərbaycan həm də Rusiya bazarının dərdini çəkir. Görünür ona görədir ki, hökumət Azərbaycanda elektromobilləri şarj etmək üçün qurğuların sayını da artırmağa tələsmir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »