Kreml nə qədər nağıllar danışsa da, Rusiyada əhalinin böyük hissəsinin müharibənin əleyhinə olduğu sirr deyil. Keçən ilin fevralından ölkəni milyondan çox vətəndaş tərk edib. İnsanlar ölkədən 250 milyard dollardan çox vəsait çıxarıb. Rusiyalılar az qala bölgədəki bütün ölkələrə səpələniblər. Onlar hətta çox sevilmədikləri Gürcüstana da üz tutmağa məcbur olublar. Ən populyar istiqamətlərdən biri isə Türkiyədir.
Bizimyol.info xəbər verir ki, 2022-ci ildə Rusiyanı tərk edənlərin azı 100 min nəfəri Türkiyəyə pənah aparıb. Az qala üç dəfə artım olub. Məsələn, 2021-ci ildə Rusiyadan Türkiyəyə köçənlərin sayı 35 min nəfərə çatmırdı. Keçən il Türkiyəyə gələn hər 4 nəfərdən 1-i Rusiya vətəndaşıdır. Heç ev-eşiyi dağılmış ukraynalılar Türkiyə yoluna bu qədər ümid bağlamayıb. Ukraynadan gələnlərin sayı 40 min nəfərə çətinliklə çatır.
Ümumilikdə, 2022-ci ildə Türkiyəyə 400 mindən çox miqrant gəlib. Rusiyalılar və ukraynalılardan sonra İran vətəndaşları üçüncü yeri tutur. Bizim qonşu ölkədən təxminən 26 min nəfər Türkiyəyə üz tutub. Sonrakı yerlərdə əfqanıstanlılar (21 min 500) və iraqlılar (20 min) qərarlaşıb. 2021-ci ildə məhz İran və İraq vətəndaşları mühacir siyahısında liderliyi bölüşürdülər.
Əcnəbilər daha çox İstanbulu seçiblər. Türkiyədəki bütün miqrantların 34 faizi bu şəhərdə yaşayır. Sonrakı yerləri Antalya, Ankara, Bursa və Mersin tutur.
Rusiyalılar və ukraynalılar daha çox Antalyaya üstünlük verirlər. Çünki yayda dincəlmək imkanları genişdir. Rusiya və Ukraynadan gələnlərin çoxluğuna görə Antalyada daşınmaz əmlak qiymətləri xeyli yüksəlib.
Rusiyalıların Türkiyəyə axınının daha da sürətlənəcəyi gözlənilir. Çünki Kreml qoşunlarının canlı itkisi getdikcə artır. Rusiya rəhbərliyi zamanla daha çox ehtiyat qüvvəyə ehtiyac duyur. Cəbhə bölgəsində işlər çox pis gedir. Sadə insanlar isə müharibənin qurbanı olmamağın müxtəlif yollarını axtarır.
Aytən, Bizimyol.info






