Ermənistan parlamentinin spikeri Alen Simonyan Ermənistan baş naziri Nikol Paşinyanın 44 günlük müharibənin araşdırılması üzrə komissiyanın iclasında sensasion detallar təqdim edəcəyinə söz verib.
Bizimyol.info xəbər verir ki, o, bu barədə parlamentdə keçirdiyi brifinqdə bildirib.
Məlumat üçün bildirək ki, Simonyanın Milli Assambleyadakı brifinqi ilə eyni vaxtda Ermənistan baş nazirinin çıxış etdiyi 44 günlük müharibənin araşdırılması üzrə komissiyanın iclası keçirilir.
"Bəziləri gözlənilməz və maraqlı detallar gözləyir. Anladığım kimi, baş nazir hər şeyi ətraflı şəkildə təqdim edəcək",-deyə Simonyan bildirib.
Simonyan hesab edir ki, Paşinyanın komissiyada canlı çıxışı siyasətçilərə qeyri-bərabər münasibətin təzahürü deyil. O, iddia edir ki, əvvəllər heç kim komissiyada canlı efirdə çıxış etmək istəyini bildirməyib. Siyasətçi hesab edir ki, çoxları sadəcə olaraq canlı yayımdan yayınmağa çalışır.
“Müxalifətin son illər səsləndirdiyi bütün ittihamlarla bağlı efirdə baş nazirə sual vermək imkanı olub, lakin onlar bu fürsətdən istifadə etməyiblər”, - deyə NA spikeri bildirib.
Eyni zamanda o, baş nazirin canlı efirdə çıxış edərək, məsuliyyəti müxalifətin üzərinə yıxmağa çalışması ilə bağlı ittihamları yersiz hesab edir. Siyasətçi müxalifəti görüşə gəlməyə və lazımi sualları verməyə çağırıb. Onun sözlərinə görə, müxalifətin deməyə sözü yoxdur.
“Qoy gəlib tələb etsinlər ki, görüşün bir hissəsi bağlı qapılar arxasında keçirilsin”,- deyə o, əlavə edib.
Onu da əlavə edək ki, bundan əvvəl Ermənistanın keçmiş xarici işlər naziri Zöhrab Mnatsakanyan, Baş Qərargahın keçmiş və indiki rəisləri Onik Qasparyan və Edvard Asryan və bir sıra digər rəsmi şəxslər komissiyada olub və üzvlərinin suallarını cavablandırıblar.
Leyla Mirzə






