Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bəxtiyar Hacıyevə qarşı yeni və ağır ittihamlar irəli sürüldü
Bəxtiyar Hacıyevə qarşı yeni və ağır ittihamlar irəli sürüldü

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevə qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar iyunun 16-da saxlanıldığı Bakı İstintaq Təcridxanasında müstəntiq tərəfindən ona elan edilib.

Bizimyol.info xəbər verir ki, Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 320 (saxta sənədlərdən istifadə) maddələrinin müxtəlif bəndlərilə ittihamlar irəli sürülüb. Yeni ittihamlar ağır cinayətlər kateqoriyasına aiddir və 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyev bundan əvvəl Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunurdu. Bu maddələrdə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Əvvəlki cinayət işində söhbət Bəxtiyar Hacıyevlə əsasən şou-buznes aləmi haqda materiallar hazırlayan jurnalist Ülviyyə Alovlu arasındakı qalmaqaldan bəhs olunur. Onun həbsindən bir xeyli əvvəl sosial şəbəkələrdə Yasamal rayon Məhkəməsindəki iclas zalında lentə alınan görüntülər yayılmışdı. Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır. İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir.

Lakin həbs olunmamışdan əvvəl Bəxtiyar Hacıyev mediaya müsahibələrində bildirirdi ki, o, polisə şikayət edərək, Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir. Hazırda isə o, əksinə, bu qalmaqalda təqsirləndirilən şəxs statusundadır.

Yeni ittihamlar isə maliyyə məsələlərilə bağlıdır. İyunun 6-da Bəxtiyar Hacıyevin valideynlərinin, qardaşının və dostunun yaşadığı mənzillərdə, avtomobildə axtarışlar aparılmış, bir sıra sənədlər götürülmüşdü. Ardınca onun dostu Rail Abbasov Bakı şəhər Baş Polis İdarəsində saatlarla dindirilmişdi. Həmin gün Bəxtiyar Hacıyevin vəkili Elçin Sadıqov bildirmişdi ki, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı yeni ittihamlar irəli sürülə bilər.

Bəxtiyar Hacıyevin vəkilləri bildirib ki, o, nə əvvəlki, nə də yeni ittihamları qəbul edir. O, özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu deyir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »